"Eynək çərçivələrinin düzgünlük sertifikatını tələb edin"-Əczaçıdan açıqlama

Bölmə: Sosial › ,
Tarix: 21:56 22.02.2024

Çağdaş dövrdə hər problemin çarəsi olduğu kimi göz zəifliyinə, yaxud gözün başqa qüsurlarına da yaxşı təsir edən, çarə olan müxtəlif alternativlər var. Bunlardan biri də optik eynəklərdir. Lakin optik eynəklər seçilərkən onların çərçivəsi bədahətən seçilməməlidir. 

 

Optik eynək çərçivələrinin düzgün seçimi ilə bağlı əczaçı Qalib Məmmədov informator.az-a açıqlama verib. 

 

Əczaçı Qalib Məmmədov açıqlamasında bildirir ki, optik eynəkləri yalnız göz həkimləri təyin edə bilərlər. Başqa insanların kiməsə optik eynəyi təyin etmək kimi ixtiyarı yoxdur. 

 

"Optik eynəyi həkim yazır və resept yazıldıqdan sonra optik mağazalara göndərilir".

 

Qalib Məmmədov qeyd edir ki, optik cihaz optik çərçivədən və optik şüşədən, yəni linzadan ibarət olur. Onun sözlərinə görə, eynək çərçivələri orqanizm üçün uyğun olmalıdır, o cümlədən hansı ölkənin istehsalı olmasından asılı olmayaraq, optik çərçivələrin xüsusi sertifikatı olmalıdır.  

 

"Başqa məlum olmayan yerlərdən gətirilən çərçivələr yararsız olur. Bu səbəbdən çərçivələrin seçimində əsas məsələ o çərçivələrin uyğunluq sertifikatının olmasındadır".  

 

Əczaçı həmçinin vurğulayır ki, çərçivələr şüşələri, yəni linzaları daşıma gücündə olmalıdır

 

"Bəzən elə çərçivələr olur ki, gözün ölçüsündən asılı olaraq, ya çox qalın, ya da çox incə olur. Bu səbəbdən, əsasən, linzalar çərçivələrə uyğunlaşdırılmalıdır". 

 

Müsahibin dediklərinə əsasən, əslində, çərçivələr elə seçilməlidir ki, insanların xarici görünüşünə xələl gətirməsin.

 

"O cümlədən, optik çərçivələrin tərkibi insan orqanizminə zərər verməməlidir". 

 

Qalib Məmmədov deyir ki, çərçivələr anti-allergen olmalıdır. 

 

"Hər hansı bir optik çərçivəni taxdıqda həmin hissədə qaşınma, səpkilər baş verərsə, bu ola bilsin ya fərdi xüsusiyyətlərdəndir, ya da optik çərçivə düzgün istehsal edilməyib". 

 

Müsahib tövsiyə edir ki, insanlar linzalara çərçivə qoydurmaq istəyəndə mütləq şəkildə optikaçıdan çərçivənin düzgünlüyünü təsdiq edən sertifikatı tələb etməlidirlər. 

 

Qalib Məmmədov xüsusilə vurğulayır ki, optik çərçivələr üzü sıxmamalıdır. 

 

"Çərçivənin burun üçün olan hissəsi buruna iz salmamalıdır. Onun anti-allergenliyi ilə yanaşı, anatomikliyi də nəzərə alınmalıdır. 

 

"Hazırda Türkiyədən Azərbaycana gətirilən titan, xrom olan müəyyən çərçivələr var. Onlar müxtəlif anatomik quruluşlara uyğunlaşa bilən çərçivələrdirlər və tamamilə orqanizm üçün münasibdir".

 

Məryəm Abdullazadə