Qarabağda quruculuq işləri necə davam edir?
Bölmə: Sosial › ,Tarix: 23:45 22.02.2024
İşğaldan azad olunan ərazilərdə quruculuq işləri sürətlə davam edir.
Bu ərazilərdə avtomobil yolları ilə bağlı 3 layihənin icrası başa çatıb, 13 layihə isə icra olunur. Həmçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 6 yaşayış məntəqəsinin layihələndirilməsinə başlayır.
Milli Məclisin üzvü Naqif Həmzəyev "İnformator.az" a açıqlamasında növbəti addımların nə olacağı, başqa hansı quruculuq, tikinti işlərinin keçiriləcəyi ilə bağlı danışıb:
"Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işlərini sürətlə həyata keçirir. Demək olar ki, əksər rayon və şəhərlərin baş planları təsdiqlənib. Bununla yanaşı, çox çətin və ağır relyefə malik olan təhlükəsiz avtomobil yolları da çəkilir. Bu yolların daha sürətli və təhlükəsiz olması üçün tunellər inşa edilir. Yolların çəkilməsi ilə əlaqədar layihələrin icra edilməsi zaman alsa da, artıq 3 böyük layihənin icrası başa çatıb, 13 layihə icra olunur. Ən sevindirici hal budur ki, biz artıq keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına şahid oluruq. Artıq 5400-dən çox keçmiş məcburi köçkün öz yurdlarına qayıdıb və 5 yaşayış yerində məskunlaşıblar. 2024-cü ildə də məhz bununla əlaqədar müsbət irəliləyişlərin müşahidə olunacağına inanırıq".
Deputat xüsusilə, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə də keçmiş məcburi köçkünlərin geri dönəcəklərini vurğulayıb.
"Ancaq məlumdur ki, onların ora qayıtmasıyla iş bitmir, onların məşğulluq məsələləri, sosial qayğıları da təmin edilməlidir. Azərbaycan Dövləti bu məsələləri hər bir incəliyinə qədər araşdırır, öyrənir və xüsusi iş yerlərinin yaradılmasıyla bağlı işlər görülür, onların məşğulluq məsələləri də öz həllini tapır. İnanıram ki, biz bu işləri mərhələli şəkildə, daha da sürətli həyata keçirə biləcəyik. Qarabağı və Zəngəzuru cənab prezident İlham Əliyevin rəhbərliyi altında cənnət məkana çevirməklə yanaşı, bu ərazilərdə normal həyatın tam bərpa olunmasına şahidlik edəcəyik. Qarabağın, Şərqi Zəngəzurun dirçələn iqtisadiyyatı Azərbaycan iqtisadiyyatına inteqrasiya edəcək və onu daha da gücləndirəcək".
Nəzrin Mirzəyeva