Uşaqların çəkdikləri şiddət xarakterli rəsmlər nəyə işarədir?
Bölmə: Sosial › ,Tarix: 23:53 22.02.2024
Əksər uşaqlar öz fikir və düşüncələrini, daxili dünyalarını rəsm çəkərək göstərirlər. Çəkilən bəzi rəsmlərdə şiddət ön planda olur. Bu uşağın psixoloji cəhətdən şiddətə meyilli olduğunu göstərir, yoxsa, olduğu mühitdə şiddət gördüyündən asılıdır?
Psixoloq Fərqanə Mehmanqızı "İnformator.az" a açıqlamasında suallarımızı cavablandırıb:
"Bəli, uşaqlar, rəsmlərlə çox şey anlada bilirlər. Amma bu rəsmlər düzgün zamanda seçilən rəsmlər olmalıdır. Məsələn, uşağın acqarına çəkilmiş şəklini biz diaqnostika edib bundan nəticə çıxara bilmərik. Bu, psixoloji testin nəticəsi ola bilməz.
Uşaq məktəbdə partada şiddətə meyilli şəkillər çəkirsə, bu, uşağın şiddətə meyilli olduğunu göstərə bilər. Bu artıq həyəcan siqnalı kimi dəyərləndirilir və uşağı psixoloq ciddi şəkildə portretdən diaqnostika edə bilər."
Psixoloq bildirir ki, təkcə uşaq deyil, hər bir insan çəkdiyi rəsmlərlə, daşıdığı aksesuarlarla xarakterində olan gizli məqamları üzə çıxarır, bu birmənalıdır.
"Uşaqlar sosial mühitdə, ailədə, cəmiyyətdə, məktəbdə, bağçada şiddət görürsə, bu şiddəti mütləq psixoloq seansında şəkillərdə özünü göstərir."
Müsahib uşağın oynadığı oyuncaqlarla belə bunu yansıda biləcəyini də deyir.
Psixoloq Gülər Məmmədova da məsələ ilə bağlı fikirlərini saytımızla bölüşüb:
"Ümumiyyətlə, hər bir uşaq böyüdükcə, həyat bilgisinə sahibləndikcə o öz rəsm əsərlərində gördüklərini təxəyyülündə canlandırdığını əks etdirir və hər bir uşağın yaşından asılı olaraq ona öyrədilən bütün ətraf mühit haqqında informasiyalar, bilgilər rəngarənglik kəsb etməlidir. Bəzi valideynlər hələ körpə ikən buna müvəffəq olurlar. Yəni, artıq 1 yaşından 3 yaşına kimi uşağa hətta qələm tutmağı belə öyrədirlər. Bu yaşlarında olan uşaqlar artıq müəyyən rəngləmələr etməyi bacarırlar."
Psixoloq deyir ki, ruhu məhz bu rənglərlə formalaşan, mənəvi aləmi estetik hisslərlə yoğrulan bu cür uşaqlar çəkdikləri şəkillərdə gözəl mənzərələr əks etdirirlər.
"Bütün bunlar ətrafda gördüklərindən, mənimsədiklərindən, valideynlərin onlara çətin situasiyanı belə kəskin şəkildə yox, daha sakit, rahat şəkildə izah etdiyindən qaynaqlanır. Çünki onlar öz uşaqlığını sağlam şəkildə yaşayırlar.
Bir çox uşaqlar izlədikləri filmlərdən dolayı üzləşdikləri həyat hekayələrindən dolayı mütəmadi öz rəsm əsərlərini kədərli çəkirlər.
Uşaqların idrak prosesləri zaman-zaman, hər yaşda özünə məxsus şəkildə inkişaf etdiyindən onlarda məktəbəqədər dönəmində təxəyyül geniş inkişaf edir. Uşaqların təxəyyülləri rəngarəng olur, onların arzuları, məqsədləri, həyata maraqları olur".
Müsahib bəzi uşaqların isə öz rəsmlərində aqressiyaya üstünlük verdiyini vurğulayır.
"Onlar daha qorxulu, vahiməli şəkillər çəkərək daxillərindəki aqressiyanı biruzə verirlər. Telefondan istifadənin də təsirləri az deyil. Bir çox uşaqlar mütəmadi telefondan istifadə edərək yaşlarına uyğun olmayan və yaxud da "YouTube"da sərgilənən qorxulu cizgi filmlərinə baxırlar. Həmin cizgi filmlərin obrazları onların zehnində qalır."
Gülər Məmmədova valideynlərə də müraciət edir:
"Valideynlərin nəzarəti olmadan bu cür izlənilər filmlər uşaqların zehnində həkk olunur. Həkk olunan obrazları öz rəsmlərində əks etdirirlər. Hətta ondan gecələr belə qorxurlar."
Lalə Qafarova