İnsanların problemlərinə necə reaksiya verməli? -Psixoloqdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:44 23.02.2024
İnsan sosial varlıqdır və danışma ehtiyacı duyur. Bəzən dostlarımız bizə problemlərindən bəhs edir. Bu zaman nə etmək lazımdır? Hansı üslubdan istifadə edilməlidir? İnsanların yaxşı hiss etməsi, yaxud düzgün reaksiya vermək üçün necə ifadələrdən istifadə etməliyik?
Mövzu ilə bağlı psixoloq Fuad Əsədov "İnformator.az"a açıqlama verib. Psixoloqun sözlərinə görə, bəzən insanlar sadəcə dinlənilmək istəyirlər:
"Ümumiyyətlə, insanlar kimsə onlara problemlərini, dərdlərini danışarkən məsləhət verməyə yönümlüdürlər. Bir insan problemlərindən bəhs etdiyi zaman qarşı tərəf ona məsləhət verməyə, öz təcrübələrini böyüşməyə, yol göstərməyə başlayır. Bu, əslində, ünsiyyətdə edilən ən böyük səhvlərdən biridir, çünki insan problemini danışarkən bizdən adətən məsləhət yox, onu dinləməyimizi istəyir. Araşdırmalar göstərir ki, dinlənilmə insanı 20-30% yaxşı hiss etdirir. Bu səbəbdən, əsas öncəliyimiz dinləmə olmalıdır".
Fuad Əsədov insanların problemlərinə necə reaksiya göstərməli olduğumuzun vəziyyətdən asılı olaraq dəyişdiyindən bəhs edib:
"Bundan sonra vəziyyətdən asılı olaraq qarşı tərəfin məsləhət, yaxud dinlənilmək istədiyinə qərar vermək olar. Bəlkə, bu insan heç məsləhət almaq istəmir? Əgər məsləhət istəyirsə, bizimlə bir ağıllı insan ya da böyük kimi məsləhətləşirsə, biz öz fikirlərimizi deyə bilərik. Öz fikirlərimizi dedikdə isə, mümkün qədər məsuliyyətli olmalıyıq. Nə də olsa, insanlar bizim fikirlərimizdən təsirlənə və dediklərimizə sorğu-sualsız əməl edə, nəticədə, zərər görə bilərlər. Qarşımızdakı insanın problemi keçmişdə travmalı olduğumuz mövzudursa, spesifik qərar verməkdən çəkinməli, obyektiv yanaşmalı, bilmədiyimiz problem haqqında "bilmirəm" deməyi bacarmalıyıq:
"Öz fikirlərimizi deyərkən, yaxud məsləhət verərkən maksimum məsuliyyətli olmamız vacibdir. Mümkün qədər obyektiv olmağa, subyektiv təcrübələrimizdən kənarlaşmağa çalışmalıyıq. Yəni bizim hansısa mövzu ilə bağlı xoş olmayan təcrübəmiz varsa, avtomatik yaşanmışlıqlardan yola çıxaraq nəticəyə gəlirik, lakin bu səhv ya da bizim üçün düzgün ola bilər. Qarşı tərəf üçün ifadələrimizin, dediklərimizin uyğunluğunu nəzərə almalı və buna uyğun deyəcəklərimizi müəyyənləşdirməliyik. Əgər mövzu haqqında heç nə bilmiriksə, bunu dürüstcə bildirməyi bilməliyik".
Aydan Qasımova