Metroda çəkiliş qadağan olduğu halda bu qədər foto-video necə çəkilir? 

Bölmə: Sosial › ,
Tarix: 19:30 23.02.2024

Uzun illərdir ki, Bakı metrosunda şəkil, video çəkmək qadağandır. Və bu qadağa daim cəmiyyət arasında insanlar tərəfindən narazılıqla qarşılanır. Eyni zamanda, biz daim metroda çəkilmiş şəkil və ya videolara rast gəlirik. 

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov informator.az-a açıqlamasında məsələyə münasibət bildirib. 

 

Bəxtiyar Məmmədov deyir ki, Sovet dövrünün prinsiplərinə uyğun olaraq metropoliten strateji obyekt hesab olunur. Təbii ki, strateji obyektlərdə foto-video çəkilişinin sərbəst şəkildə aparılması birmənalı olaraq qadağandır. Bu, Bakı Metropoliteninə də şamil olunur. 

 

Müsahib qeyd edir ki, metropolitendə foto-video çəkilişinin qadağan olunması Nazirlər kabinetinin təsdiq etdiyi “Bakı Metropolitenindən istifadə qaydalarında qeyd olunub. Foto-video çəkilişinin aparılması üçün mütləq Bakı metropoliteninin rəhbərliyinin icazəsi olmalıdır. 

 

Ekspertin sözlərinə görə, dövr, zaman, texnologiyalar dəyişir. Mobil cihazlar nəinki rabitə, eyni zamanda, foto-video çəkilişləri, çoxşaxəli işlərin aparılması üçün münasibdir. Həmçinin keyfiyyət baxımından da peşəkar foto-video çəkiliş aparatlarından heç də geri qalmır. Bu səbəbdən qadağaların tətbiqinə nəzarət etmək faktiki olaraq müntəzəm şəkildə qeyri-mümkündür. 

 

Bəxtiyar Məmmədov qeyd edir ki, zamanla Bakı Metropolitenində dünya təcrübəsindən istifadə olunması kimi məsələlərə baxıla bilər. Dünyada foto-video çəkilişlərinə tam sərbəst və ya müəyyən məhdudiyyətlərlə icazə verilməsi təcrübəsi var. Bakı Metropoliteni bu təcrübələrin hər birinə, xüsusilə də post-zabit məkanında və Azərbaycana yaxın ölkələrin şəhərlərində olan metropolitenlərinin təcrübəsinə baxıb, öyrənib. Bu gün də proseslər davam edir, bu məsələyə xüsusi yanaşılır.

 

Birmənalı olaraq Bakı Metropolitenində bundan sonra hansı proseslərin olacağını iddia etmək qeyri-mümkündür. Çünki bu Nazirlər kabinetinin təsdiq etdiyi sənədlərlə tətbiq olunmuş qadağadır. Və eyni qayda ilə də aradan qaldırıla bilər. Zamanla bu məsələyə baxıla da bilər və dövrün tələbinə uyğun olaraq mövcud Bakı Metropoliteni şəraiti və digər məsələlərə uyğun olaraq qərarlar verilə bilər. 

 

Müsahib sonda əlavə edir ki, əgər biz hər hansı metropoliteni müzakirəyə çıxarırıqsa, burda təkcə strateji məsələlər deyil, eyni zamanda, sərnişinlərin hərəkətinə: qatarlar, eskalatorlar və digər avadanlıqların iş rejiminə mane olmamaq bizim üçün əsas prinsip olmalıdır. 

 

Gülnisə Əfkari