Plana düşən evlərin söküntüsü zamanı şirkətlərlə sakinlər arasında yaranan problemin həlli nədir?

Bölmə: Sosial › ,
Tarix: 20:08 23.02.2024

Bakıda hansısa ərazi plana düşən zaman sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında müəyyən anlaşılmazlıqlar meydana çıxır. Adətən, evlərin ölçülərinin təyin olunması və təyin olunan ölçünün qiymətləndirilməsi zamanı vətəndaşlar nəticədən narazı qalırlar. Məsələn, sökülən obyektin yaşayış və qeyri-yaşayış sahəsi olmasından asılı olaraq, qiymətləndirmənin düzgün aparılması ilə bağlı mübahisələr yaranır. Belə mübahisələrin həlli nədədir? 

 

Bu haqda əmlak eksperti Ramil Qasımzadə informator.az-a açıqlama verib.

 

"Söküntüsü həyata keçirilən xüsusilə fərdi yaşayış evləri ilə bağlı belə problemlər yaranır. Fərdi yaşayış evlərinin faktiki sahəsi çıxarışla müəyyən bir kvadrat təşkil edilirsə, reallıqda bu sahə daha çox olur".

 

Ekspert bildirir ki, bunun səbəbi olaraq müəyyən hissələrin sonradan evə əlavə edilməsi, fikirlərlə bağlı olan müəyyən məsələləri göstərmək olar.

 

"Söküntü həyata keçirilən zaman faktiki olaraq bizim rastlaşdığımız bundan ibarətdir ki, tikinti şirkətləri real vəziyyətə, real sahəyə, vətəndaşın faktiki vəziyyətinə uyğun olaraq ölçmə həyata keçirirlər. Müqavilə bağlanan zaman faktiki sahədən 20% əlavə mənzil verilir".

 

Ramil Qasımzadə sonda qeyd edir ki, vətəndaşlarla şirkətlər arasında yaranan mübahisə, əsasən, divarların tutduğu yer sahəsi ilə bağlı olur. 

 

"Bir çox hallarda eyvan sahəsi, evin faktiki sahəsinə daxil olmur. Vətəndaşlar isə eyvan sahələrinin də evin faktiki sahəsinə əlavə edilməsini tələb edirlər. Vətəndaşlar sahənin çöldən-çölə, tikintialtı sahə ilə hesablanmasını istəyirlər, tikinti şirkətləri isə ümumi sahəni hesablayırlar. Ən çox problemlər bunlarla bağlı olur".

 

 

Gülay Qəribova