İxtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır? -Ekspert AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 21:09 23.02.2024

Abituriyentlər üçün  ixtisas seçimi etmək  həyatlarındakı böyük addımlardan biridir. Onlar istədikləri ixtisası, universiteti seçərkən nələrə diqqət etməlidir və ya bu zaman onlara kim kömək edə bilər? 

 

Bu barədə "İnformator.az" a açıqlama edən təhsil eksperti Kamran Əsədov suallarımızı cavablandırıb:

Ekspert öncəliklə, universitetin önəmini qısaca açıqlayıb

 

"İlk növbədə, qeyd edim ki, hər bir abituriyent seçə biləcəyi universitetləri və ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır".

Müsahib ixtisas seçimi zamanı diqqət edilməli məqamları-pedaqoq tövsiyəsi, valideyn faktoru, abituriyentin xarakteri və bu kimi amilləri belə sıralayıb:

 

"Deməli, düzgün peşə seçimi etmək həm bizim, həm də cəmiyyətimiz üçün faydalıdır. Peşə, ixtisas seçərkən aşağıdakılara diqqət edilməlidir:

"1. İxtisas seçərkən hər adamın yox, bu işin mütəxəssisi olan pedaqoq və təhsil ekspertlərinin məsləhətini dinləməli, analiz etməli, sonda isə abituriyentin özü qərar verməli, öz istədiyini seçməlidir.

 

2. Valideynlərin övladlarının peşə seçiminə kəskin müdaxilə etməsi yanlış davranışdır. Onlar sadəcə məsləhət verməli, yol göstərməlidirlər. Heç bir valideyn öz övladına ixtisas seçimi prosesində təzyiq etməməlidir. Məsələn, “Mən həkim ola bilmədim, sən mütləq olmalısan“ və s. bu kimi fikirlərlə övladını yormamalıdır.

 

3. Abituriyentlər seçəcəyi peşə və ixtisaslar haqqında əvvəlcədən dərin məlumata və bilgiyə sahib olmalıdırlar.

 

4. Təhsil alacağı ixtisasın gələcəkdə yerli və beynəlxalq iş dünyasında nə qədər əhəmiyyətinin olacağını, maddi-mənəvi nə qazandıra biləcəyini indidən araşdıraraq seçim etməlidirlər.
Elə ixtisaslar var ki, yaxın onillikdə onlara tələbat azalacaq, bir çoxuna isə daha da artacaq. Ona görə də, diqqətli olmalı, ciddi araşdırmalar aparmalıdırlar.

 

5. Bəzən abituriyent 600-dən çox bal toplayır, müəllimlik ixtisasına yiyələnmək istəyir, valideyn isə buna ciddi şəkildə etiraz edir, bu balla mütləq 600 ballıq “prestijli” bir ixtisasın seçilməsini övladından tələb edir. Abituriyent isə valideyninin tələbi qarşısında həmin ixtisası istəməyərək seçir. Bu ixtisası həvəssiz və könülsüz oxuyur, sonra isə həmin ixtisas üzrə mütəxəssis ola bilmir.

 

6. Abituriyentlər ixtisas seçərkən mütləq öz xarakterlərinə dərindən bələd olmalı, xasiyyətlərinin seçdikləri peşə ilə uyğun olub-olmadığına baxmalıdırlar.
Bunun üçün fərqli psixoloji testlərdən keçməli, psixoloq və pedaqoqlarla məsləhətləşməlidirlər. Bütün bunlar kompleks şəkildə onlara özlərini tanımaqda yaxından kömək edəcək.

 

7. Valideyn və müəllimlər abituriyenti yaxından tanımalı, onun psixoloji və fizioloji bacarıq və vərdişlərini bilməli, ona uyğun olaraq məsləhət verməlidirlər. Məsələn, çox səbrli və təmkinli olan bir gəncə müəllimlik, vəkillik və s. ixtisasları tövsiyə etmək olar".

 

Kamran Əsədov ixtisasların əhəmiyyətliliyi, insana uyğun olmasının önəmini belə vurğulayır:

 

"Təbii ki, ixtisas seçimi zamanı abituriyentlərin istəkləri nəzərə alınmalıdır. İxtisasların bala uyğun olub-olmamağı, ixtisasın prespektivi nəzərə alınmalıdır. Tutaq ki, Texniki Universitetin 30-dan çox ixtisasına 200-250 balla qəbul ola bilərsiniz, amma bu ixtisaslar perspektivlidirmi, əmək bazarında buna ehtiyac varmı, bitirəndən sonra iş tapa biləcəklərmi bunları düşünməlidirlər. İxtisas uyğunluğu olmalıdır. Biz bəzən görürük ki, qız şagirdlər materialşünaslıq, mexanika kimi əmək bazarında daha çox oğlanların özünü göstərəcəyi ixtisası seçirlər. Bu doğru yanaşma deyil".

 

Müsahib həmçinin ixtisas seçimində pul qarşılığında kodlaşdırma edən şəxslərin kodlaşdırma zamanı məsuliyyətli olmalı, ərizəni doldurmalı olduqlarını, lazım gəldikdə valideynlər DİM-dən istifadə etmələri gərəkdiyini izah edir:

 

"Xüsusilə, I qrup üzrə ixtisas seçimi edən qızlar ehtiyyatlı olmalıdırlar ki, həmin ixtisası oxuya biləcəklərmi? Əsas da Texniki, Memarlıq və İnşaat, Neft və Sənaye universitetini seçən qız abituriyentlər ixtisasların profilinə, prespektivinə baxmalıdırlar. Onlara məsləhət verən şəxslər yüksək pul müqabilində həmin ixtisas seçimini həyata keçirir, sonra da məsuliyyətlərini kənara qoyurlar. Digər tərəfdən təkcə seçmək yox, elektron ərizəni doldurub, təsdiq etmək lazımdır. Bəzən görürük ki, həmin şəxslər elektron ərizəni doldurub, lakin yaddan çıxarıb təsdiq etmirlər.Ona görə də, proses mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bütün valideynlərə tövsiyə edirəm ki, DİM-in ödənişsiz məlumat mərkəzlərinə müraciət etsinlər".

 

 

Aydan Qasımova