Alınan məhsullar geri qaytarıla bilər?-Hüquqşünas AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 21:28 23.02.2024

Bir çox mağazalarda müştərilər üçün "Alınan məhsullar geri qaytarılmır" "Məhsul dəyişdirilmir" kimi ifadələr yerləşdirilir.   Vətəndaşın məhsulu geri qaytarmaq hüququnun olmasına baxmayaraq, bəzi obyekt sahibləri məhsulu alan zaman bildirirlər ki, alınan məhsul geri qaytarılmayacaq. Aparılan müşahidələr göstərir ki, bu hallar daha çox endirim olunan məhsulların alışı zamanı baş verir.

 

Bu məsələyə münasibət bildirən hüquqşünas Zaur Seyidzadə "İnformator.az" a açıqlamasında qeyd edir ki, hər bir vətəndaşın aldığı məhsulu hər hansı bir səbəbdən geri qaytarmaq hüququ var.

 

"Vətəndaş aldığı məhsulu 14 gün müddətində alqı-satqı qəbzini təqdim etməklə dəyişə bilər. Alınan məhsul zədələnməməli, olduğu kimi saxlanılmalıdır.   Bəzən satıcılar məhsulu qaytarmaqdan imtina edirlər. Bu qanun pozuntusudur".

 

Hüquqşünas vurğulayır ki, vətəndaş məhsulu zədələmədən qəbz ilə birlikdə təqdim edirsə,  onun hüququ istisnasız təmin edilməlidir.

 

"Əgər məhsul istifadə olunubsa, qablaşdırılması zədələnibsə və ya qəbz yoxdursa, satıcının məhsulu geri qəbul etməmək hüququ var. Həmçinin hər hansı məhsul alarkən mütləq qəbz, kassa çeki və digər təsdiq edən sənədi tələb edilməlidir".

 

 

Asiman Hafizqızı