Dönərdən zəhərlənmə halları niyə artıb?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:52 23.02.2024
Bəzi kafelərdə, sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür. Eyni zamanda son dövrlərdə dönərdən zəhərlənmə halları çoxaldığını da müşahidə edirik.
Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov "informator.az"a açıqlamasında bildirib ki, zəhərlənmələrin bir çox səbəbləri var:
"Dönər hazırlayarkən gigiyena qaydalarına əməl olunmur. Hazırlamaq üçün istifadə olunan ət məhsullarının keyfiyyəti və qida dəyəri aşağıdır, düzgün şəraitdə saxlanılmır. Tam bişməmiş və ya əksinə, həddindən artıq çox bişmiş dönər məhsulları da ishala səbəb olur və ya kanserogen təsir göstərir. Bəzi istehsalçılar maya dəyərini aşağı salmaq üçün vaxtı keçmiş, təzə olmayan, qeyri-sağlam ətdən istifadə edirlər. Bu isə öz növbəsində, qida zəhərlənmələrinə səbəb ola bilir.
Asan və tez başa gələn, qiyməti ucuz, küçələrdə gigiyena qaydalarına uyğun olmayan şəraitdə hazırlanan, keyfiyyətsiz qidalar insan sağlamlığı üçün olduqca təhlükəlidir. Bu qidalar təkcə zəhərlənmə yox, eyni zamanda mədə-bağırsaq xəstəlikləri, allergiya, artıq çəki problemləri və asılılığa səbəb olur".
Ekspertin sözlərinə görə, dönər və digər bu tipli fast food qidalardan uzaq durmaq məsləhətdir.
Səkinəbəyim Cəfərova