Narkotik vasitələrin insan psixologiyasına nə kimi təsirləri var?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:00 23.02.2024
Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Bu elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bəs narkotik vasitələrinin insan sağlamlığına və psixologiyasına nə kimi təsirləri var?
Mövzu ilə əlaqədar psixoloq İlhamə Musaqızı "informator.az"a açıqlama verib. Psixoloq deyir ki, narkotik bütün bədən üzvlərinə mənfi təsir göstərir, eləcə də bunun psixoloji tərəfləri də var:
"Bədən üzvlərinə verdiyi fəsadlara beyin və mərkəzi sinir sisteminə, həzmə, qaraciyərdə sirroza, ağır böyrək xəstəliklərinə, gecə korluğuna səbəb olur. Psixoloji tərəfi isə, tez-tez əhval ruhiyyələri dəyişir, aqressiv olurlar, üzlərində və ya müxtəlif bədən üzvlərində tikləri var".
İlhamə Musaqızı məktəbli uşaqların valideynlərini diqqətli olmağa çağırır:
"Övladlarının telefonunda nəyə baxdıqlarını onlara bildirmədən yoxlasınlar. Müəllimlərindən tez-tez uşaqları ilə maraqlansınlar və hər hansı mənfi hərəkətlərinə görə onlara şiddət və ya kəskin cəza verməsinlər. Bəzən uşaqlar düşdükləri mühitdə deyil, evdə yaşadıqları travmalar nəticəsində bu yola düşə bilirlər. Buna görə də valideynlər tərbiyəni ilk olaraq evlərində aşılamalıdılar. Çünki təməli güclü olan ağacı heçnə yıxa bilməz".
Lamiyə Cənnətzadə