Quduzluq haqqında bilmədiyimiz faktlar-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:51 23.02.2024
"Erenteleviruslar sırasına daxil olan quduzluq heyvandan insana keçə bildiyi üçün zoonoz xəstəlik adlanır. Quduzluq xüsusilə sahibsiz itlərin olduğu sahələrdə daha çoxdur".
Bu sözləri "informator.az"a açıqlamasında baytar Zöhrə Babayeva söyləyib. Onun sözlərinə görə, bu virus heyvanlar bir-birilərini dişlədikdə tüpürcək vasitəsilə yayılır:
"Quduzluqa qarşı profilaktik tədbir yalnız peyvənddir. Profilaktik tədbir kimi heyvanlar, birinci növbədə itlər qısırlaşdırılmalıdır. Daha sonra mütləq şəkildə quduzluq peyvəndi vurulmalıdır. Quduzluğa qarşı müxtəlif firmaların müxtəlif peyvəndləri var və bunlar 98-100% quduzluqdan qoruyur. Quduzluq zamanı diri vaksinlərdən istifadə edilir. Peyvəndlərin qoruma müddəti müxtəlifdir. Peyvəndlərin bir il və ya üç il qorumasına baxmayaraq ildə bir dəfə peyvənd vurulmalıdır. Quduzluq təkcə itdə yox başqa heyvanlarda rast gəlinir. Qurd, çaqqal, tülkü, pişik bunların hamısında xüsusilə siçovullarda quduzluq ola bilər. Quduzluq dişləmə zamanı tüpürcəklə qana ötürülərək beyində lokallaşır və sinirləri tamamilə sıradan çıxardır. Bu həm heyvanda, həm də insanda eynidir. Əvvəla, xəstəliyin əlamətləri müşahidə edilir, sonra analizə göndərilir".
Ekspert bildirir ki, diaqnozun əlamətləri insanda və heyvanda eyni şəkildə olur:
"Quduzluq beyində lokallaşdığına görə kəskin narahatlıq, aqressivlik, qıcolmalar, boyun əzələlərinin gərginliyi, yuxusuzluq, kabuslar, işıqdan qorxma ilə müşahidə olunur. Quduzluğa yoluxmuş canlı çətinliklə nəfəs almağa başlayır, ağız suyu həddindən artıq çoxalır, ağızdan köpük gələ bilər, udqunmaqda çətinlik çəkir, Hidrofobiya-su qorxusu yaranır. Soyuq suya yaxınlaşdıqda qorxur, amma isti suyu birazda olsa qəbul edirlər. Heyvanı 90% xilas etmək olmur, çünki artıq inkişaf etdikdən sonra və ya kimisə dişlədikdən sonra bu xəstəlik müşahidə olunur. Demək olar ki, heyvanların hər biri 3 gün ərzində tələf olur. İnsanlar isə heyvan dişlədikdə xüsusilə yarım saat ərzində ona peyvənd periodik şəkildə (1doza ilə kifayətlənməmək, 3, 5 doza peyvəndin vurulması) vurularsa, daha sonra insanı xilas etmək olur. Lakin heyvan dişlədikdən sonra heç kim müdaxilə etməsə, artıq qanla hərəkət edir və beyinə gedib çatdıqda lokallaşır. Həmçinin dişlənmə yerindən çox şey asılıdır. Əgər insan ayaqdan dişlənərsə, onun gedib beyinə çatmağı biraz zaman alır. Amma insan boynundan, çiynindən və ya qolundan dişlənərsə, birbaşa beyinə yaxın olduğuna görə dərhal müdaxilə edilməlidir".
Elnarə İslamova