Ramazan ayında oruc tutarkən diqqət edilməli məqamlar -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:36 23.02.2024

Ramazan ayı Qurani-Kərimdə yeganə və "Şəhrullah-Allahın ayı" olaraq adı keçən aydır. Ayların sultanı olaraq bilinib, hər il bir dəfə gəlmək ilə sanki biz mənəvi, ruhani bir doğuluşun həqiqətini yaşayırıq. Yer üzünün dörd bir tərəfində Quranın mənəvi atmosferinə bir yönəliş olur. Təbii ki, Ramazan orucunu müsəlmanlar tutar, digər dinlərə mənsub şəxslərin tutduğu oruc sayılmaz. Çünki orada böyük bir niyyətə ehtiyac var, o niyyət Allahın rızası üçündür". 

 

Bu sözləri "informator.az"a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli söyləyib. Onun fikrincə, Ramazan ayı gələndə inanan, qəlbini dərgah halına çevirib, nəfsini tərbiyə etməyi bacaran insanlar bu böyük səfərə daxili aləmlərində əmr verərələr:

 

"İmsak-insan bədəni əzalarının qəlbə tabe olması mənasını verir. Bu baxımdan da əsas üç istiqamətə bölünür: 

Mədənin orucu- bir müddətə yeməkdən imtina edirik.

Əzaların orucu- insanın yalan söyləməsinə, qəzəbi, kini, nifrətinə sahib çıxmasıdır.

Qəlb orucu- ən dərin qatda, məna aləmində insana insanlıq qazandıran ən vacib, əhəmiyyətli ibadətdir.

 

İbadətlər içərisində ən böyük, uzun zikr Ramazan orucu hesab edilir. Ramazanla bağlı Qurani-Kərimin "Əl-Bəqərə" surəsinin 184-cü ayəsində xəstə, müsafir olanların oruc tutmamasından bəhs olunur ki, bu xəstələr şəfa tapdıqdan, müsafirlər isə ölkələrinə qayıtdıqdan sonra qəzalarını tuturlar. Lakin hamilə qadınlar, südverən analar, həddi büluğa çatmayan uşaqlar, yaşlılar xaric, sağlam insanlar oruc tuta bilərlər. Beləcə, biz qəlbimizin torpağını, dünyamızı, könlümüzün yamaclarını nə qədər ilahi sevgilə, şövqlə, sövqlə dolduraraq, orucu daha dərindən anlayıb onun bərəkətilə, gətirdiyi ilahi ziyafətdən yararlana bilərik".

 

Ağa Hacıbəyli sonda əlavə edir ki, insanların qidalanmasına gəlincə isə, normal günlərdə qidalanma necədirsə, o şəkildə olur:

 

"Sadəcə, on bir ay günün çox zamanında fəaliyyətdə olan, yorduğumuz mədəmizin, orqanizmimizin istirahəti üçün böyük bir fasilədir. Ramazan ayı insan bədəninin ruhuna baş əydiyi ay, ayların sultanıdır və bu cürdə baxmaq lazımdır ki, o ziyafətdən biz də yararlana bilək".

 

Aytac Kərimova