BDU-da Xocalı faciəsinin qurbanlarına həsr edilən tədbir keçirildi
Bölmə: Sosial › ,Tarix: 13:07 26.02.2024
‘’İnformator.az’’ xəbər verir ki, Bakı Dövlət Universitetində Xocalı facisənin qurbanlarına həsr edilən tədbir keçirildi.
Tədbirdə himn səsləndirildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardından Universitetinin rektoru Elçin Babayev çıxış edərək bildirdi ki, bu gün də həmin faciəni ürəkağrısı ilə hiss edirik.
"Baş verən faciə yalnız Azərbaycana qarşı törədilən yox, ümumi bəşəriyyətə qarşı törədilən faciədir. Həmin faciədə yüzlərlə dinc sakinimiz şəhid olub. Girov götürülən sakinlərdən, 150 nəfərdən hələ də xəbər yoxdur’’
Elçin Babayev Xocalıya gedən zaman 9 mərtəbəli binanın qarşısında olarkən keçirdiyi hissləri də qeyd edib.
Eyni zamanda tədbirdə hər fakültənin dekanı və müəllimləri də iştirak edib.
Çıxış edən Xocalı facisənin canlı şahidi Mürvət Məmmədov gözyaşlarıyla qeyd etdi ki, Xocalı faciəsi baş verərkən onun14, balaca qardaşının isə 3 yaşı olub.
‘’ Mən 1 həftə erməni əsirliyində qaldım. Əsirlərə dəhşətli işgəncələr verilirdi. Mənim ailə üzvlərimdən 3 nəfərin başı kəsilib. Onların meyidini hələ də tapa bilmirik. Ümidim tapılan kütləvi məzarlıqlaradır ki, heç olmasa onlardan birinin sümüklərini tapa bilək. Mənim heç orta təhsilim belə yoxdur. Lakin dövlətimizin diqqəti hər zaman üzərimizdə olub’’.
Mürvət son olaraq Bakı Dövlət Universitetinin rektoruna tədbirin təşkili və Elçin Babayevin şəxsən iştirakına görə dərindən təşəkkürünü bildirdi.
Tədbirdə Jurnalistika faküıtəsinin II kurs tələbəsi, Arzu Abdullazadə öz hisslərini, Xocalıdan olan, o gecə yurdundan ayrı düşən anasının yaşadıqları barədə danışdı. O bildirdi ki, özü həmin yerlərdə, həmin hadisələrin şahidi olmasa belə, ailəsindən, anasının başına gələnlərdən hər zaman təsirlənib.
"Əsir düşən dayımın acısı hələ də qəlbimizdədir. Ailəsinin, bacılarının gözünün qarası olan qardaşları hamımız üçün böyük itki oldu. Mən dayımı heç vaxt görmədim. Bəlkə də o, Xocalı faciəsindən qaçan kiminsə anasına, bacısına kömək edib, canını sipər edib’’.
"Mən Xocalı balasıyam, Xocalı gənciyəm... " -deyə Arzu sözlərini bu misralarla bitirdi.
Çıxışların ardından tədbirin bədii hissəsinə keçid oldu.
Sevinc Yarməmmədova