Bu ixtisaslara tələb var-Abituriyentlərə tövsiyə
Bölmə: Sosial › ,Tarix: 18:53 26.02.2024
Ali təhsil müəssisələrinə imtahanlardan sonra abituriyentlərin əsas diqqət etməli olduğu məqamlardan biri də ixtisas seçimidir. Bəs ali təhsil müəssisələrində hansı ixtisaslara tələbat daha çoxdur? Və bunun səbəbi nədir? Bu mövzuda təhsil eksperti Elçin Süleymanov ilə həmsöhbət olduq.
Ekspert deyir ki, ali təhsil müəssisələrinə ixtisas seçimi əvvəlki illərə nəzərən mahiyyətini dəyişib.
“10-15 il əvvəl abituriyentlər daha çox adı yaxşı səslənən ixtisaslar seçirdilər. Məsələn, beynəlxalq mümasibətlər, beynəlxalq hüquq və.s Son illərdə artıq abituriyentlərin seçimi kifayət qədər dəyişib. 1-ci qrupa, komputer, texnologiya elmlərinə maraq daha çox artıb. Eyni zamanda, bazarın tələbinə uyğun ixtisaslar daha aktualdır. Həm 1, həm də 2-ci qruplar üzrə bir çox ixtisaslar aktuallığını qoruyur. 2-ci qrupda daha çox tələb olunan ixtisaslar maliyyə, mühasibatlıqdır. Eyni zamanda, marketinq, reklamçılıq, dizayn ixtisaslarına son illərdə tələbat var. 1-ci qrupda neft-qaz, komputer mühəndisliyi, kibertəhlükəsizlik ixtisaslarına ciddi tələbat var. Həmçinin data analitikası, yaşıl enerji, kənd təsərrüfatı mütəxəssisliyi, baytarlıq, aqronom, qida, toxuculuq mühəndisliyinə rəbət artmağa davam edir”.
Elçin Süleymanov vurğulayır ki, müəllimlik ixtisası həmişəki kimi populyarlığını qoruyur.
“İşğaldan azad olunmuş ərazilərdə yeni təhsil sferası formalaşır. Kifayət qədər müəllim ehtiyacı var. Müəllimlik ixtisası seçən tələbələrə müəyyən güzəştlər, dəstəklər edilir. Müəyyən ixtisaslar var ki, baza təhsilinin üzərinə daha spesifik olaraq magistr təhsili alandan sonra dünya səviyyəli mütəxəssis olmaq mümkündür.
Ekspert son olaraq deyir ki, tibbin müasir istiqamətlərinə də məsələn, fizioterapiyaya tələbat artıb.
Sayad Qoşnalıyeva