Ürəkdə xərçəng olarmı?-Həkimdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 20:39 26.02.2024

Çox insan yanlış olaraq elə bilir ki, ürəkdə xərçəng olmur və belə bir hadisə eşitmədiklərindən əmindirlər ki, ürəkdə bədxassəli şiş yaranmır. Həqiqətən də ürək xərçəngi nadir halda rast gəlinir, amma onkologiyada var. Bunu həkimlər və alimlər bilir. İndi sizin də bilməyinizin vaxtı gəlib.

 

İnformator.az saytına açıqlamasında kardioloq Gülanə Ağayeva məsələyə münasibət bildirib. 

 

"Nadirən olsa da çox təəssüf ki, ürəkdə də xərçəng xəstəliyinə rast gəlinir. Ürəkdə rast gəlinən xərçəng şişləri yerləşmə yerinə görə fərqli simptomlar verə bilər. Onu deyə bilərik ki, ən çox rast gəlinən şişlər ürəyin qulaqcıq hissəsində yerləşərək qan axınına mane olur, təngnəfəslik, boğulma, ayaqlarda şişkinlik kimi şikayətlərə səbəb olur.

Bundan əlavə isə bu şişlərdən qopan kiçik parçalar qan axını ilə bədənin digər orqanlarına keçib müxtəlif ağırlaşmalara, insulta səbəb ola bilər". 

 

Müsahib əlavə edir ki, ürəkdə rast gəlinən xərçəng xəstəliyi ən çox digər orqanlarda yaranaraq ürəyə metastaz verməsi nəticəsində görülür.

 

"Hətta biz ürəkdə hər hansı bir xərçəng şübhəsi olan kütlə görərkən “bu kütlənin səbəbi hansı orqandır?” deye araşdırmağa başlayırıq. Ağciyər, süd vəzi, bağırsaq və digər orqanların xərçəng xəstəliyi ən çox ürəyə metastaz veren qrupa aiddir.

 

Ekspertin sözlərinə görə, xəstəliyin müalicəsi onun yerləşmə yerinə, hansı növ şiş olmasına görə fərqlilik göstərir. Lokal, kütlə şəkilli yerləşdiyi hallarda cərrahi əməliyyatla həmin kütlə xaric edilir.

 

Müsahib sonda qeyd edir ki, yaş məsələsinə gələrsək burada xüsusi bir yaş faktoru yoxdur, ümumiyyətlə, xərçəngin hər bir yaşda rast gəlinə bildiyi kimi onun kardiak tezahürü də istənilən yaş aralığında rast gəlinə bilir.

 

 

Gülnisə Əfkari