"Xocalıda yurdumuz viran olub, evimiz, qəbirlərimiz dağılıb"-Xocalı sakini
Bölmə: Sosial › ,Tarix: 21:00 26.02.2024
"Xocalı faciəsi, elə bir qətliamdır ki, onu əsrlər keçsə də, unuda bilmərik".
Bu sözləri Xocalı faciəsi şahidi Səadət Zeynalova "informator.az"a açıqlama edərkən deyib.
"Mən Zeynalova Səadət Tofiq qızı, Xocalı sakiniyəm. Mən Xocalı faciəsi zamanı son günə qədər qalan tibb bacısıyam. Xocalı faciəsini hələ də çox ağır xatırlayıram. Xocalı faciəsi, elə bir qətliamdır ki, onu əsrlər keçsə də, unuda bilmərik. Fevralın 25-dən 26-na keçən gecə mən qardaşımla Xocalıdaydım, biz zirzəmidə oturan zaman, gəlib dedilər ki, Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə şəhəri işğal ediblər. Biz meşəyə üz tutduq. 5 gün meşədə qaldıq. Bir dağı bir günə fırlanırdıq, yollarda, dağlarda itib-azırdıq. Çox girovlarımız oldu, özünü dağdan atanlar, özünü vuranlar, atışmada şəhid olanlarımız oldu. Cənnət yurdum Xocalını cəhənnəmə döndərdilər".
Səadət xanım Xocalıya gedib ziyarət etdiyinu, yurdunun viran olduğunu, evlərinin dağıldığını deyib.
" Bütün qəbirlərimiz dağılıb. Mən atamın qəbrini tapdım, ziyarət etdim və dedim: Ay ata, sənin qəbrin indi azaddır, indi erməni vəhşilərinin əlində deyilsən!
Bizim Xocalımız qayıtdı, Xocalı üçün vuruşan şəhidlərimiz qayıtmadı.. Allah onlara rəhmət etsin. Allah Prezidentimizə can sağlığı, qazilərimizə tezliklə şəfa versin. Şəhidlərimizin ruhu şad olsun".
Gülay Qəribova