Həyət evlərinin söküntüsündə nələrə diqqət edilməlidir ?
Bölmə: Sosial › ,Tarix: 21:47 26.02.2024
Həyət evlərinin söküntüsü zamanı dövlət evin kvadratına məbləğ qoyur və söküntü prosesi başlayır. Bəs buna qanun nə deyir vətəndaşların şəxsi əmlakı(evi) sökülərkən hansı qaydalara əməl etmək lazımdır?
Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əgər hər hansı bir ərazidə dövlət ehtiyacları üçün torpaqların və əmlakın alınması nəzərdə tutulursa, buna diqqət yetirmək lazımdır:
"Nazirlər Kabinetinin bu barədə qərarı olur. Həmin qərarda da göstərilir ki, ərazi hansı məqsədlə alınır. Və icraçı təyin olunur. Evlərin satışını həyata keçirmək üçün İcra hakimiyyəti insanlarla təmas qurmağa başlayır. İcra hakimiyyəti bunu qiymətləndirir. İcra hakimiyyəti hər hansısa bir qiymətləndirmə firması ilə müqavilə bağlayır. Həmin ərazidə evlərin hər kvadratmetrinin dəyəri hesablanır. Adətən, biz təcrübədə görürük ki, bu şirkətlər dövlətin xeyrinə olaraq azaldılır. Yəni, evlərin bazar qiyməti azaldılır. Ona görə də biz həmişə mülkiyyətçilərə məsləhət görürdük ki, qiymətləndirməni mütləq özləri aparsınlar. Belə şirkətlərdə var ki, hər kvadratmetrin bazar qiymətini həmin ərazidə həmin anda olan dəyərini qiymətləndirirlər. Sənədlər də İcra hakimiyyətinə təqdim olunur".
Hüquqşünasın sözlərinə görə, tərəflər arasında razılaşma əldə edilməyə də bilər:
"Əgər İcra hakimiyyəti razılaşmırsa, yəni tərəflər arasında razılaşma yoxdursa, bu zaman məhkəməyə müraciət edilir. Daha çox İcra hakimiyyətləri mülkiyyətçini məhkəməyə verirlər ki, dövlət ehtiyacları üçün alınması məcburidir. Mütləq sənəd lazımdır ki, rəsmən belə bir qiymətləndirmə aparılıb. Onda da udmaq çox asan olur".
Hüquqşünas müqavilə yolu ilə tikilən həyət evləri haqqında da danışıb:
"Süni surətdə mənzillərin kvadratmetri azaldılır. Çox vaxt görürük ki, insanlar əlavə tikililər tikiblər, illərdir ondan istifadə ediblər. Sökülən köhnə həyət evlərinin əksəriyyəti müqavilə yolu ilə həll olunub. Müqavilə də keçən əsrin əvvəllərində verilib. Ondan sonra çox dəyişikliklər olur. Ən mühüm məsələ isə odur ki, torpaq sahəsinə görə ödəniş vermirlər. Bu torpaq sahəsi dövlətə məxsus sayılır. Yəni, xüsüsi mülkiyyətdə deyil. Ona görə də, ödəniş edilə bilməz".
Lalə Qafarova