Azyaşlıların gec danışmasının səbəbləri-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:15 26.02.2024

Son zamanlarda əsas problemlərdən biri də azyaşlıların gec danışmasıdır. Əvvəlki illərlə müqayisədə hazırda loqopedlərə, psixloqlora müraciətlər də artıb. 

 

Mövzu ilə bağlı loqoped Günel Fərzəliyeva informator.az -a açıqlama verib. Onun sözlərinə görə, azyaşlıların yeni texnologiyalara marağının olması, ailə üzvləri ilə ünsiyyətdən daha çox texnoloji avadanlıqlardan istifadə etmələri passiv nitqə səbəb olur:

 

"Gec dil açma həm nevroloji, həm də genetik ola bilər. Azyaşlıların gec dil açmasında ən çox müşahidə olunan hallardan biri ünsiyyətin az olmasıdır. Azyaşlının nitqini inkişaf etdirmək üçün valideyn onunla daha çox ünsiyyət qurmalı, söhbət etməlidir. Beləliklə, uşaqda nitq inkişaf edəcək, söz ehtiyatı artacaq. Hər yaş dönəmində uşaqların nitqi bir üst səciyyədə inkişaf edir. Azyaşlılarda nitq ləngiməsinin səbəblərinə dilin formasının deformasiyası, alt çənənin və üst çənənin deformasiyası, dişlərin doğru düzülüşdə olmaması aiddir".

 

Loqoped qeyd edir ki, uşaqların nitq inkişafından geri qalmasında digər bir səbəbi onların iki dildə danışmalarıdır:

 

"Əgər ailədə ata bir dildə, ana digər bir dildə, nənə və baba azərbaycan dilində danışırsa, belə vəziyyətdə azyaşlı hansı dildə danışmalı olduğunu, hansı dili qavramalı olduğunu anlamır. Nəticədə azyaşlıda həm kompleks yaranır, həm də hər dildən biraz danışdığı üçün nitqi anlaşılmayan olur. Valideynlərə məsləhət görürəm ki, övladları ilə daim ünsiyyətdə olsunlar, müayinələri zamanında etsinlər, sosial mühitdə aktiv olmaları üçün övladlarına daim dəstək olsunlar".

 

 

Zeynəb Mustafazadə