Xocalıda əsirlikdə olmuş Səlim Musayev

Bölmə: Sosial › ,
Tarix: 22:25 26.02.2024

"İnformator.az"ın bugünkü müsahibi Xocalının canlı şahidi Səlim Musayev olub. 

 

Xocalı şahidi əvvəlcə soyqırımın ilk qığılcımlarının başladığı tarixlərə nəzər yetirib:

 

"1987-ci ildən başlayaraq ermənilər Xankəndin də, Əsgəran da nümaişlər etməyə başladılar. Ağdamla Şuşa yolunu bağladılar. Oradan hərəkətə icazə vermirdilər. Rus ordusu gəlib yolları açırdı, 1-2 gün keçəndən sonra yenidən ermənilər yolları bağlayırdılar. 1988-ci ildən onların bizə qarşı nifrətləri, qısqanclıqları daha da artdı. Harada azərbaycanlı görürdülərsə öldürürdülər, maşınlarımızı daşlayırdılar. 

 

Əgər ermənilər üstümüzə tək gəlsəydi onların qarşısını ala bilərdik. Rus ordusu onlara kömək etdiyinə görə bu mümkün deyildi. Mənim qohumlarımı Əsgəran rayonun da güllələdilər. Qardaşım Musayev Rəfailin maşınını Şuşadan gələndə Xankəndində gülləyə tutdular, güllə maşının bir tərəfindən keçib, digər tərəfindən çıxdı". 

 

O, 1992-ci ildə rus ordusunun 366-cı alayının köməyi ilə ermənilərin onları mühasirəyə almasından danışıb:

 

"Əlif Hacıyev 7-8 dənə tank, beteer tutub, meşədə gizlətdi. Gəncədən dedilər ki, texnikalar geri verilməlidir. Əlif Hacıyev də bilikli adam idi, nə etmək lazım olduğunu bilirdi. Belə fikirləşdi ki, texnikalar verilməlidir, yoxsa mümkün deyil. Texnikalar qaytarıldı. Ruslar dedi ki, texnikalar Gəncəyə aparılır. Amma ya Xankəndiyə, ya Əsgərəna, ya da hara apardılarsa bilmədik.

Xocalı da Gülşən adlı qadın var idi, poçtda işləyirdi. O Gəncəyə də, Xankəndinə də poçt vurdu ki, bizi mühasirəyə alıblar, köməyə gəlin. Amma heç bir yerdən kömək gəlmədi. Axşam saat 10-11 radələrində bizi gülləyə tutdular. Fevralın 25-dən hardasa 10 gün əvvəl yoldaşımı, qızımı, balaca oğlumu vertolyotla yola saldım, Xocalıdan çıxdılar. Amma iki oğlum bir də qardaşım oğlu: Ramil Musayev, Teymur Musayev, İntiqam Musayev mənlə qaldılar. 

 

Yuxarıdan kəndi yandırmağa başladılar. Əvvəl Əsgərandan, Xankəndindən, Noragildən, Kətihdən-hər tərəfdən bizi yanan güllələrlə atəşə tutdular. Qaça bilən qaçdı, qaça bilməyən kəntdə öldü. Biz meşə ilə yuvarı qalxdıq, Abdalgülablıya tərəf getməyə başladıq. Yer qar idi, göydən də qar yağırdı. Elə yerlər var idi ki, çıxmaq olmurdu dörd ayaqlı kimi əllərimizlə çıxmağa məcbur olurduq. Qarın soyuğundan, şaxtadan əllərimiz yanıb, suluqladı. Az qaldı ki, Abdalgülablıya çataq, camaatı atəşə tutdular. Yarı insan da orada öldü. Həmin yerdən getmədik, Xankəndiyə tərəf getməyə başladıq. Bir xeylaq getdikdən sonra yenə meşəyə qalxdıq. Qar, şaxta var idi. Arvad-uşaq soyuqdan donmasın deyə meşənin için də beş yerdə ocaq qaladım. Allahdan duman var idi. Duman olmasa ocağın işığını görüb hamımızı güllələyərdilər. 2 gün meşədə qaldıq. Sonra Abdalgülablıya tərəf getdik. Getdiyimiz yerdə bizi gülləyə tutdular.

 

Mənim bibim oğlunun yoldaşı uşağını kürəyinə bağladı. Onun kürəyində uşağına güllə dəydi. Onu Ağdama kimi elə gətirdi. Uşağı belində aça bilmədi ki, uşaq can verib ölsün". 

 

Xocalının canlı şahidi əsirlikdə olarkən şahid olduğu hadisələrdən də söz açıb:

 

"Bizi gülləyə tutdular, bizim də köməyimiz yox idi, hər tərəfdən mühasirəyə alıb əsir apardılar. Dedilər ki, heç yerə qaça bilməzsiniz, biz sizi tutmuşuq. Camaatı Dəhraz kəndin də yerləşən bir fermaya yığdılar. Gətirildiyimiz yerdə çox adam var idi. Bizdən başqa əsirlikdə Qədim var idi.(Əsirlikdəki insanları xatırlayır)Allah rəhmət etsin. Ələmdar, onun yoldaşı Safura, sonra Qədimin yoldaşı Mələk var idi. Cavanşir müəllim var idi, mənə dərs keçmişdi həm də məktəb drektorumuz olmuşdu. 

O vaxt Milli ordu var idi həmin ordunun uşaqlarını əsir götürüb qarın üstünə uzandırdılar.

Kamran dayının yoldaşı Matan xala dedi ki, mənim oğlumun birini aparın 2-ni verin mənə. Onun da uşaqları Milli Ordudan idilər. Arvadı aftomatla öldürdülər. 1 aydan sonra həmin ermənilər gəldilər, məlum oldu ki apardıqları əsirləri güllələyiblər. 

 

Bizi tutan vaxt mənim oğlum Ramil bizdən ayrı düşdü. Ermənilər oğlumun dırnaqlarını çəkdilər, yoldaşımın əmisi oğlunu öldürdülər. Əmisinin qızıl dişlərini kəlbətinlə çəkdilər.

Bizə olmazın işgəncələr verirdilər, döyürdülər, ac saxlayırdılar, su vermirdilər. Heyvana verilməyən əziyyəti bizə verirdilər.

Elə şeylər var ki, danışa bilmirəm. Danışanda fikrim dağılır. Həmin günlərə qayıdıram.

 

Bu gün Xocalı, bütöv Qarabağ azaddır. 32 ildən sonra nəhayət ki, heç olmasa torpağımızın azadlığı, şəhidlərimizin qisasının alınması ilə rahat nəfəs ala bildik, təskinlik tapdıq. Allah Azərbaycan xalqına, Azərbaycan prezidentinə, ordumuza kömək olsun!"

 

Banuçiçək Kalbalıyeva