Hamı ali təhsil alacaq deyə bir məcburiyyət yoxdur-Sosioloqdan ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 12:54 27.02.2024
"Uşağın ali təhsil almaq üçün potensialı olmur və bu zaman peşə təhsili müəssisələri yada düşür ki, bu da ölkəmiz üzrə ali təhsil müəssisələrinin yanında çox passiv qalır. Lakin, bütün inkişaf etmiş ölkələrdə uşaqlar üçün ən yaxşı prioritet peşə təhsili hesab olunur. Çünki hər kəs yüksək təhsil pillələrinədək qalxa bilməz, belə olarsa, ölkənin iqtisadiyyatı çökər".
Bu sözləri "informator.az"a açıqlamasında sosioloq Lalə Mehralı söyləyib. Sosioloqun fikrincə, peşə təhsili bir ölkənin dirçəlişi üçün çox əhəmiyyətli sahədir:
"Bir ölkəyə dəmirçi də, xarrat, bənna, yaxşı avtomobil ustası da lazımdır. Bu sahələri inkişaf etdirməsək, həm iqtisadiyyatda boşluq yaranacaq, həm də ali təhsil marağında olmayan uşaqların məşğuliyyət sahəsi olmayacaq. Bununla da, tüfeyli həyat tərzi yaşayan, heç bir məşğuliyyəti olmayan məhz elə buna görə də tez tora düşərək aldanan bir yeniyetmə gənclik kateqoriyası formalaşır. Bu baxımdan da, təbliğatı yaxşı şəkildə aparılmalıdır. Lakin, təəssüf ki, bizim cəmiyyətdə bu azlıq təşkil edir. İctimai yerdə, nəqliyyatda, sosial şəbəkələrdə və ya bu kimi mövcud məkanlarda hər hansısa bir peşə müəssisəsinin reklamına rast gəlmək mümükün deyil. Yalnız ali təhsil müəssisələrinə qəbul ərəfəsində qarşılaşırıq. Lakin bu tip reklamlar il ərzində ictimaiyyətin yararlanması üçün mövcud olmalıdır ki, təhsilə diqqətsiz, maraqsız yanaşan kəslərin diqqətini cəlb edərək, boş zamanlarını dəyərləndirmələrinə kömək əli uzatsın".
Sosioloq sonda əlavə edir ki, uşağa təhsil qədər, ona ətraf zərərləri öyrədib, qorumaq da vacibdir:
"Birdə belə bir kəsim var ki, təhsil almadan kripto-valyuta, bir sıra onlayn iş imkanları kimi asan yol ilə qazanc əldə etməyə çalışırlar. Təbii ki, bu bir tələdir və bu halların qarşısını alaraq, onların təhlükəsizliyinin təminatı üçün valideynlərin də üzərinə böyük məsuliyyət düşür ki, onlardan biri də övladını hər bir şeydən xəbərdar yetişdirməsidir.
Hamı ali təhsil alacaq deyə bir məcburiyyət yoxdur, peşə təhsili də mövcuddur və bununla da, övladın zamanını düzgün dəyərləndirərək, özünü inkişaf etdirməsinə nail olmaq olar".
Aytac Kərimova