"Təhsildə elə neqativ hallar var ki...-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 15:37 27.02.2024
Astara şəhər Ş.Qasımov adına 4º tam orta məktəbin psixoloqu Daşqın Əliyev şagirdə şiddət göstərən müəllimə etiraz etdiyi üçün işdən azad edildiyini iddia edir. Bu barədə D. Əliyev özü müxtəlif media orqanlarına məlumat verib.
Məktəblərdə ard-arda yaşanan neqativ halların səbəbi nədir?
Bu barədə Elm və Təhsil eksperti Elmin Nurizadə "informator.az"a açıqlamasından son zamanlar məktəblərdə baş verən neqativ hadisələrin mediada və sosial şəbəkələrdə bu dərəcədə ardıcıl işıqlandırılması, bu dərəcədə neqativ enerji daşıyıcısına çevrilməsinin qəti əleyhinə olduğunu bildirib:
"Problemlər üzə çıxardılmalıdır, sırf hüquqi aspektdən qiymətləndirilməsi, haqq-ədalətin yerini tapması üçün ictimailəşdirilməlidir. Ardıcıl surətdə, bu qədər informasiyanın yayılması, minlərlə, on minlərlə kütlə arasında, təhsil-məktəb mühitinə olan münasibətin bu dərəcədə dəyişdirilməsi, məktəb nüfuzunun aşağı salınması heç də yaxşı deyil".
Ekspertin sözlərinə görə, təhsildə elə neqativ hallar var ki, o məsələlərin işıqlandırılmasından çox, işıqlandırılmaması məsləhətlidir:
"Bu, rəsmi distansiyalarda öz həll yolunu tapa bilər. Amma açıq danışsaq, bir o qalıb ki, uşaq məktəb döşəməsində yıxılsa belə, onu neqativ hal kimi paylaşsınlar. Bu hallar olduqca və sürətli yayıldıqca, biz məktəblərdə "odun üzərinə benzin əlavə etmiş" kimi olacağıq. Bu məsələ ilə bağlı isə, yalnız Elm və Təhsil Nazirliyi rəsmi məlumat yaydıqdan sonra danışa bilərik".
Gülay Qəribova