Saxta hesab açıb “ev yıxanlar”ı nə gözləyir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:32 27.02.2024
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd olunan maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət əməli hesab olunur. Bu əməlləri törədən şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Bu sözləri "informator.az"a açıqlamasında hüquqşünas Səbuhi Axundov söyləyib. Hüquqşünas başqa birinin adına saxta hesab açan və şəkillərini yayanlara tətbiq olunan cəzalardan danışıb:
"Toxunulmazlıq hüququna görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Göründüyü kimi şəxsin razılığı olmadan onun fotolarının çəkilməsinə və yayılmasına yol verilmir. Bu hərəkət şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olur.
Səbuhi Axundovun sözlərinə görə, qanunvericilkdə şəxsin foto şəkillərinin onun razılığı olmadan harada yayılmasının bir əhəmiyyəti yoxdur:
"Bu hərəkətin sosial şəbəkələrdə saxta hesab açaraq həyata keçirilməsi və ya hər hansı media vasitəsində şəxsin icazəsi olmadan yayılması arasında heç bir fərq yoxdur. Burada əsas məsələ şəxsin razılığının olmaması və yayılan foto şəklin onun şəxsi həyatı barədə məlumat daşımasıdır. Məsələyə cinayət hüququ nöqteyi-nəzərindən yanaşsaq, bildirməliyik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət əməli kimi kriminallaşdırılıb. Qeyd olunan cinayətin törədilməsi nəticəsində bu əməli törədən şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".
Səkinəbəyim Cəfərova