Duyğular, düşüncələr...

Bölmə: Sosial › ,
Tarix: 19:27 27.02.2024

-Göy üzü nə rəngdədir?
-Dünyan hansı rəngdədirsə.

 

Kimiləri lənət oxuyaraq göz açır sabahlara, kimisi gülümsəyərək. Kimisi rəngləri əlavə edir həyata, kimisi neqativlikləri. İnsanların "Sadəcə xoşbəxt əhval" şüarının məşhur olduğu bir zamanda reallıqlar da bir o qədər acıdır. Hər nə qədər xoşbəxt olsaq da, olmağa çalışsaq da, insanlar olduqca problemlərin var olması bir gerçəkdir.

 

"Normal" sözü belə anormal hala gəlib. Edilən hər şeyin yanına "müasirlik" bəhanəsi əlavə edilir nə də olsa. Kimiləri ciddi şəkildə inanaraq, kimisi isə sırf inandırmağa çalışaraq edir bunu. Ailəsindən sevgi qırıntısı görmək üçün çırpınan insanlar müasirlik adı altında min bir oyundan çıxır.

 

Məktəblilərə şiddətin artmasındanmı deyim sizə, insanların vəhşiləşməsindənmi? Gündəmdənmi bəhs edim sizə, yoxsa günümüzdənmi?

 

Hər şeyə cürbəcür adlar qoyulduğu bir zamanda normal şəkildə həyatını sürdürməyə çalışmaq da anormallaşır nisbətən. Hər şeyə bir bəhanə, hər sözə bir oyun artırılır. Bəs görəsən, kamilləşməli olan insan bu pisliklərlə kimə oyun oynayır?

 

Edilən hər şeyin, atılan hər addımın mənliyi, yaxud insan varlığındakı boşluqlar səbəbindənmi olduğundan əmin deyiləm. Amma müasirlik şiddəti güc sanmaq deyil, bunu çox yaxşı bilirəm.

 

Siz dünyanı hansı rəngdə görmək istəyirsinizsə, həmin rəngi əlavə etməlisiniz. O rənglə ətrafın rənglənib rənglənməməsi isə sizin inkişaf etmənizdən və ətrafın tələbatı, düşüncələri ilə əlaqədardır. Hər halda isə, inkişafla irələləmək həm də gələcəyə addım atmaq deməkdir.

 

Normal şəkildə inkişaf etməyə çalışmamız, inkişaf etməmiz diləklərimlə...

 

Aydan Qasımova