“Rayonlara işləməyə gedən müəllimlər gərək…”
Bölmə: Sosial › ,Tarix: 20:41 27.02.2024
Müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə əldə edən bir çox müəllimlər adətən Bakıda fəaliyyət göstərməyi seçirlər. Bunun əsas səbəbi nədir və qarşısının alınması üçün nələr edilməlidir? Bu mövzuda təhsil eksperti Kamran Əsədov “informator.az”a danışıb.
Ekspert vurğulayır ki, orta məktəblərdə müəllimlərin mərkəzləşdirilmiş test üsulu ilə işə qəbulu 2009-cu ildə ilk dəfə Bakıda keçirilib və davam etdirilir.
“Son illərdə keçirilən imtahanların həm test, həm də müsahibə mərhələlərində çox ciddi şəkildə şəffaflıq və əlçatanlıq var. İmtahanın formatında da bir neçə dəyişiklik edilib. Görürük ki, vakansiya yerləri daha çox bölgələrdə olur. Lakin gənclər bölgələrdə işləməyə maraq göstərmirlər”.
Kamran Əsədov qeyd edir ki, 2023-cü ildə müəllim olmaq üçün 60 min şəxs elektron ərizə verib.
“30 minə qədər şəxs müsabiqə şərtini ödəsə də, 8 minə yaxını müəllim kimi çalışmaq hüququnu qazanıb. Bölgələrə işləməyə gedən müəllimlər 1-2 ildən sonra imtina edərək geri qayıdırlar. Bu da həmin ərazilərdə tədrisin təşkilinə ciddi şəkli mənfi təsir edir. Uşaqlar, demək olar ki, hər il yeni müəllimlərlə qarşılaşırlar. Bu da onların dərsi mənimsəməsinə, psixologiyasına mənfi təsir edir”.
Ekspert deyir ki, rayonlara işləməyə gedən müəllimlər gərək əvvəlcədən oradakı şəraitlə tanış olsunlar.
“Dağlıq ərazilərdə işləməyə gedən müəllimlər, (məsələn, Quba, Qusar, Gədəbəy, Xaçmaz, Zaqatala) oradakı infrastrukturu görəndən sonra işləmək istəmirlər. Hazırda şəhər məktəblərindən kənarda işləyənlərə əgər məsafə 20 km-dən artıqdırsa, əmək haqqılarına əlavələr olunur, hər ay 90 manatdan 180 manata qədər. Bu məbləğ artırılmalıdır. Bölgələrə işləməyə gedən müəllimlərin torpaq sahələrinin, mənzil şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması üçün imkanlar verilməlidir.
Sayad Qoşnalıyeva