Tonqal qalayarkən hansı qaydalara əməl edilməlidir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:21 27.02.2024

Çərşənbələrdə və Novruz bayramında tonqal qalanması Azərbaycanın qədim adət-ənənələrindən biridir. İnsanlar bir araya toplaşır, birlikdə vaxt keçirirlər. Lakin bu vaxt bəzi təhlükələr yarana bilər. Bu səbəbdən də tonqal qalanması və sonrası üçün müəyyən qaydalar var.

 

Mövzu ilə bağlı Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev "informator.az"a açıqlamasında bildirib ki, tonqal qalanması zamanı mütləq yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir:

 

"Tonqalın qalandığı yerin ətrafında tezalışan, yanmaya meylli materiallar olmamalıdır. Elektrik naqilləri, ağaclar nəzərə alınmalıdır. Tonqal qalanan yerdə toplaşan insanların arasında azyaşlı uşaqlar, yaşlılar, səhhətində problemləri olan şəxslər də nəzərə alınmalıdır. Mütləq azyaşlılar nəzarət altında olmalıdır. 

Tonqal qalanarkən isə onu qalamaq üçün partlamaya meylli vasitələrdən və yanarkən tüstü vasitəsilə toksinlər yayan materiallardan uzaq durmaq vacibdir. Çünki bu tonqal ətrafındakı insanların səhhətinə mənfi təsir göstərə bilər.

Tonqalın sönməsinə əmin olduqdan sonra ərazini tərk etmək lazımdır. Küləkli hava şəraitində əgər tonqal sönməzsə od közü ətrafa yayılar və ətrafda müəyyən tikililər, nəqliyyat vasitələri olarsa yanğın təhlükəsi yaranma ehtimalı yaranar.

Əgər hava küləklidisə tonqalın yandırılmaması məqsədəuyğundur.

Tonqal qalanarkən isə onun aşağısına metal materialdan lövhə qoyulmalı daha sonra odun qalanmalıdır. Tonqalın hündürlüyünə də diqqət etmək lazımdır. Çünki tonqalın hündür olması aşma təhlükəsi yaradır bu isə yanğın təhlükəsi deməkdir".

 

 

Lamiyə Cənnətzadə