Valideynlərin nəzərinə!-Bu məqamlara diqqət etmək lazımdır

Bölmə: Sosial › ,
Tarix: 22:36 27.02.2024

Bayram, karnaval və digər bu kimi günlərdə valideynlər uşaqların istəyinə uyğun olaraq onlara sevdikləri cizgi film personajlarının geyimlərini geyindirirlər. Bunların arasında ruh, qatil və digər bu kimi obrazlar da yer alır.

 

Bu geyimlərin uşaq psixologiyasına təsiri və valideynlərin bu barədə hansı nüanslara diqqət yetirməli olduqları maraqlı məqamlardır. 

 

Bu barədə psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova Ələkbərova "İnformator.az" a açıqlama edib. O deyir ki, ümumiyyətlə uşaqların izlədikləri cizgi filmlər həmişə valideynlər tərəfindən nəzarətdə saxlanılmalıdır.

 

"Nəinki izlədikləri cizgi filimlər, eyni zamanda, baxdıqları videolar, videoların təbliğ etdiyi məsələlər və bu kimi nüanslar diqqət məkəzində olmalıdır.
Uşaqlar cizgi filmlərindən özlərinə qəhrəmanlar seçirlər və bayramlarda üzərində həmin personajın şəkli olan paltarlar almaq, geyinmək istəyirlər, eləcə də məktəbli ləvazimatları alanda öz qəhrəmanlarının şəkilləri olan ləvazimatlara xüsusi maraq göstərirlər. Valideynlər hər bir zaman buna nəzarət etməlidirlər.
O kostyumu geyinmək istəyən uşaq niyə məhz həmin personajın kostyumunu seçir? Personajın hansı müsbət və ya mənfi davranışları var? Hansı davranışları onu özünə cəlb edir? Uşaq bunu hansı dərəcə də detallı təhlil etməyi bacarır? Bu suallar çox önəmlidir".



Psixoloq qeyd edir ki, valideynlər uşaqlıq dövrünün hər şeyi süngər kimi canına çəkən, beyində müəyyən bağlantıların yarandığı bir dövr olduğunu düşünməlidirlər. 

 

"Həmin bağlantıların yaranması o şəkildə, o dəyərlər işığında olmalıdır ki həmin uşaq böyüyəndə həm yeniyetməlik, həm də gənclik dövründə, uşaqlıq dövründən onun xarakterinə hopdurulan və yaxud dəyərlərinə çevrilən məsələlər ona problem yaratmasın və cəmiyyətdə öz yerini tapan, potensiyalına uyğun, həyatını istiqamətləndirə bilən bir şəxsiyyətə, fərdə çevrilə bilsin. Bunun üçün də potensiala uyğun real hədəflər və insan dəyəri məsələləri uşaq tərbiyəsində önəmlidir. Bu səbəbdən uşaqların tərbiyəsi məsələsində həmişə deyirik ki, uşağın qulağından, gözündən daxil olanlara daha çox diqqət etmək lazımdır, nəinki ağzından daxil olanlara.
Eyni zamanda insan bədəni ilə də informasiya qəbul edir. Buna görə də uşaqların geyimlərinə, geyimlərinin yaşlarına uyğunluğuna diqqət göstərilməlidir. Çünki uşaq hər şeydən öyrənir, informasiya alır. Ona ötürülən informasiyaların doğruluğuna, müəyyən insan dəyərləri səviyyəsində normallığına nəzarət edilməlidir".

 

 

Banuçiçək Kalbalıyeva