Məişət zorakılığıyla bağlı dərslər tədris ediləcək

Bölmə: Sosial › ,
Tarix: 20:45 28.02.2024

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər genişləndirilir. Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə bu, öz əksini tapıb.

 

Layihəyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil ediləcək.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlamasında bu məsələyə münasibətini bildirib.

 

Ekspert məişət zorakılığının qarşısının alınmasının ciddi məsələ olduğunu qeyd etsə də,  onun ayrıca fənn kimi tədrisini məqbul hesab etmir.

 

"Bir fənni məişət zorakılığı ilə məhdudlaşdırmaqdansa, ona ümumi davranış, etiket qaydalarını, insan dəyərlərini və digər mövzuları da əlavə edib ortaya ümumi ad altında bir fənn qoymaq olar. Burada ümumi maarifləndirmə aparılmalıdır. Lakin fənnin əsasını şiddət və zorakılıq halları ilə mübarizə təşkil etməlidir. Əvvəllər həyati bacarıqları əhatə edən fənn, eləcə də indi həyat bilgisi tədris edilir. Amma məsələyə məişət zorakılığı istiqamətində yanaşılarsa, belə bir təşəbbüsün ortaya atılması yaxşı haldır, lakin ortaya normal iş qoymaq ciddi məsuliyyət tələb edir".

 

Rizvan Fikrətoğlu əlavə edir ki, belə bir fənnin tədris edilməsi üçün mütəxəssislərin seçilməsinə ciddi yanaşılmalıdır.

 

"Belə olmadıqda bu istiqamətdə görülən işlər elə də perspektiv görünməyə bilər. Bu fənni bir mütəxəssisin tədris etməsindənsə, bir neçə mütəxəssisin tədris etməsi daha yaxşı olardı.

Burada psixoloqa, məktəb rəhbərliyinə, eləcə də məişət zorakılığı ilə məşğul olan quruma və ekspertlərə dərs saatları belə ayırmaq olar".

 

 

Gülay Qəribova