Evlərdə suların bulanıq olmasının səbəbi nədir?-Ekspertdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 21:25 28.02.2024

Hazırda evlərə verilən içməli sular müzakirə mövzusuna çevrilib. Bəzi insanların fikrincə, evlərə verilən sular bulanıqdır. Bəs, əslində, həqiqətən, vəziyyət belədirsə, suların bulanıq olmasının səbəbi nədir? 

 

Bu barədə "informator.az"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərsu ASC-nin Texnoloji Proseslərə Nəzarət və Suyun Təhlükəsizlik şöbəsinin rəisi, baş texnoloq Cəmil Babayev açıqlama verib.

 

O bildirib ki, davamlı olaraq evlərə su bulanıq şəkildə verilmir. Həm Bakı şəhəri, Abşeron yarımadasında, həm də regionun digər şəhərlərində bəzən qəza halları baş verir. Bu zaman maksimum 1-2 saat ərzində bulanıqlıq müşahidə oluna bilər.

 

"Bu bütün dünya təcrübəsində belədir. Bu halın qarşısının alınması kimi bir metodika yoxdur. Əhalinin əsas şikayəti suların çöküntülü olmasıdır. Bu şikayətlər isə əksər hallarda Bakı şəhəri, Abşeron yarımadasının mənzil tikinti korporativkərindən gəlir. Bu tip şikayətlərin araşdırılması zamanı məlum olur ki, mənzil tikinti korporativinin öz təsərrüfatına aid və "Azərsu"nun xidmətində olmayan su anbarları vaxtında yuyulmur, təmizlənmir. Bu səbəbdən il ərzində su anbarlarının dibində yığılan çöküntülər su anbarlarının düzgün istismar olunmaması nəticəsində daxili kommunikasiya sistemləri vasitəsilə əhalinin mənzillərinə, su kranlarının başlıqlarında olan süzgü hissəsində toplanır. Bu da abonentlərin haqlı iradlarına səbəb olur".

 

Ekspert əlavə edib ki, Azərsu ASC bu mənzil tikinti korporativlərinin su anbarlarına, çənlərə və ya su təmizləyici qurğulara nə nəzarət edir, nə də ki onların xidməti ilə məşğuldur.

 

"Bu su təchizatı sistemləri mənzil tikinti korporativinin daxilində və özlərinə aid olduğundan bu xidməti özləri təşkil etməlidirlər. Ümumilikdə isə il ərzində respublika üzrə mövcud olan 987 su anbarları Gigiyena Epidemiologiya mərkəzi ilə razılaşdırılan qaydada plana əsasən yuyulur və zərərləşdirilir. Lakin bu işlər nə mənzil tikinti korporativləri tərəfindən nə ümumi təhsil müəssisələrində, iaşə obyektlərində, fərdi mənzillərdə mövcud su çənləri və yaxud həyətyanı sahələrdə mövcud özlərinə məxsus su anbarlarında bu əməliyyatlar mütəmadi olaraq aparılmır. Bu səbəbdən də il ərzində bu çöküntülər abonentlərin öz su təchizatı sistemlərində öz əksini tapır".

 

Müsahib əlavə edib ki, Azərsu ASC bütün su təmizləyici qurğularında süzmə prosesi mexaniki formada aparılır.

 

"Bu zaman hər hansı əlavə kimyəvi maddələrdən istifadə olunmur. Onlar yalnız süzgəclərin yuyulmasında istifadə edilir. Yekunda suyun mikrobioloji nöqteyi-nəzərdən şəffaflaşdırılması üçün xlor tərkibli maddələrlə dozalamaqla mikrobioloji nöqteyi-nəzərdən təmizlənir. Hər hansı bir yod birləşmələrindən nə suyun dezinfeksiyası üçün, nə də suyun digər mərhələlərində emal üçün istifadə olunmur.

 

Adətən, gələn şikayətlər sudan xlor dadının gəlməsi yaxud qoxusunun olması ilə bağlı olur. Bu zaman isə yenə də mərkəzi laboratoriya tərəfindən abonentlərin mənzillərində yerindəcə müayinə aparılır. Özlərinə göstərilərək maarifləndirmə işləri aparılır ki, bu göstərici normativ çərçivəsindədir və insan orqanizminə hər hansı bir təhlükəsi yoxdur.

 

Bugünkü gündə su şəbəkələri vasitəsilə abonentlərə verilən su mikrobioloji nöqteyi-nəzərdən tam şəffafdır, heç bir təhlükə yoxdur. Daim nəzarət altındadır. Gündəlik olaraq Bakı şəhəri Abşeron yarımadası üzrə 70-ə yaxın su nümunəsi götürülərək təhlil olunur. Bu təhlilin nəticələrinə əsasən, kranlardan gələn su tam təhlükəsiz və mövcud qüvvədə olan standartlara cavab verərək tam yararlıdır".

 

 

Səkinəbəyim Cəfərova