Açıq kor-Aydan Qasımova yazır...
Bölmə: Maraqlı › ,Tarix: 23:02 28.02.2024
-Kor oldum.
-Nə zaman?
-Bir qədər olar.
-Bəs nə zamandan bəridir görürsən?
-Anladığımdan.
"Gözlər yalan danışmaz", -deyə bir deyim var. Dil yalan danışar da, gözlər bunu bacarmaz.
Bir yerdə "Nə əlaqəsi var axı?", -deyəsi gəlir insanın, nə də olsa bu gözlər çox şahid oldu şahid olmayacağını düşündüyü hadisələrə. Qulaqlar o qədər alışdı ki, yalan və bəhanələrə. Artıq heç xüsusi gəlmədi "Səni sevirəm", " Sən mənim üçün dəyərlisən" ifadələri belə.
Lakin bir yerdə o qədər yanıldı ki, o insan, o qədər səhv etdi ki. O insan onu aldadana görə özünü aldatmaq üçün əlindən gələni etdi və buna görə də, "Açıq kor" halına gəldi.
Kimilərinin gözündə gördüyü dəyərin, əslində, saxta olduğunu bilir, lakin bunu özünə belə deyə bilmirdi. Bunun səbəbi, bəlkə də, yalnız qarşıdakına inanmaq istəməsi ilə deyil, dəyər görməsinə inanmaq istəməsi ilə bağlı idi.
"Mən niyə də sevilməyim ki?", -dedi öz-özünə. Sevilməmək üçün çox cavabı vardı, lakin özünü sevmək üçün səbəblər tapsa və özünü dəyərli görməyi bacarsa, bir yerdən sonra qarşıdakı insana qarşı düşüncələrinin bambaşqa olacağını anlamaq istəmirdi.
Gözlərində duyulan yalnız sevgi, məhəbbət, dəyər vermə, qayğıkeşlik kimi duyğuların yansıma şəkli deyildi. Bu baxışlar həm də ümid etmək istədiyini göstərirdi.
O gözlər yalan danışmadı, insan o baxışların gerçək üzünü anlamadı. Gözü görməyən, çomaqsız birindən qarşıda təhlükə olub-olmadığını soruşsan, gözləri necə birdən açılsın ki? Ya onun çomağı alacağı, almalı olduğu dərslər isə?
Bəlkə də, günahkar olan gözlər deyil. Problem gözü görməyəndə də deyil. Bəlkə də, gözlərinin daha yaxşı görməsi, fərqinə varması üçün kor olmalıdır...