Görməzdən gəlinən qadının hekayəsi-Arifə Kərimzadə yazır...

Bölmə: Maraqlı › ,
Tarix: 12:53 08.03.2024

Tarix boyu adları əlindən alınmış yeganə varlıq qadınlar olub. Əsasən sənət, elm, ədəbiyyat sahələrində qadınlar ya qarşı cinsin adlarından istifadə edib, ya da öz zehni əməklərini başqalarının (qardaşları, həyat yoldaşlarının) məhsulu kimi qələmə verilməsinə göz yunmaq məcburiyyətində qalıb. (Bu mövzuda Feny Mendelson haqqında yazmışdım). Adını tarixin səhifələrinə yazmış başqa bir qadın haqqında da danışmaq istəyirəm. Öz hekayəsini hər şeyə rəğmən və hər şeyə inad yaza bilmiş biri - 1867-ci ildə Varşavada doğulan Maria Skadovski. 

 

Həmin dönəmdə Rus Çar hakimiyyəti universitetlərdə ciddi senzuralar qoymuş, qadınların təhsil almasını qadağan edilmişdi. Maria da bu səbdən bacısı ilə birlikdə gizli yeraltı universitetinə gedirdi. Həmin dövrlərdə akademiklər qoyulan qadağalara baxmayaraq gizli universitetlər qurmağı bacarmışdı. Maria və bacısı bu universitetdən məzun olduqdan sonra Parisə gedib orada sıra ilə universitet oxumaq qərarına gəldilər. Varşavada qalan bacı isə, təhsil alan bacısının təhsil xərclərini ödəməsi üçün çalışmalı idi. İlk növbədə Marianın bacısı Parisə getdi və tibb fakültəsini oxudu. Maria bu dönəmdə dayəlik edərək pul qazanır, qazandıqları ilə bacısının təhsil haqlarını qarşılayırdı. 

 

Sıra Mariaya gəldikdə o Parisə gedərək Sarbon Universitetində ilk növbədə fizika fakültəsi daha sonra isə riyaziyyat fakültəsini oxudu. Doktorantura dönəmində isə Pier adlı bir fransızla tanış olur. Maria Skadovski (və ya Maria Küri) və Pier həyatlarını elmə adadılar, onlar ikisi də birlikdə çalışaraq gizli işıq adlandırdıqları radioaktivlər üzərində çalışırdılar. Daha sonra Maria Küri elm dünyasını kökdən dəyişdirən nəzəriyyə irəli sürdü- elm aləmi atomun strukturunu o dönəmə qədər səhv anlamışdı. Maria Küri isə atomun bölünməz və düzənli olmadığını sübut etdi. (Bunun nə qədər önəmli kəşf olduğunu hamımız bilirik) .Bu səbəbdən də Maria və Pier Kürüyə eyni zamanda Antuan Henri Bekere Fizika üzrə Nobel mükafatı verildi. Amma burada bir düzəliş etməliyəm, mükafat ilk dönəmdə Pier Küri və Henri Bekere verilmişdi, komitə Marianın bu cür önəmli kəşfdə imzasını görməzdən gəlməyə çalışırdı. Zamanın ruhundan qaynaqlanan bu qərar digər qadınlar kimi Marianın da adının qaranlıq səhifələrdə qalmasının tərafdarı idi. Amma Piter Küri bu qərarla razılaşmır, gecə-gündüz birlikdə çalışdığı həyat yoldaşının bu mükafatı alması üçün əlindən gələni edir və tarixdə Nobel mükafatı alan ilk qadın kimi adını silinməz izlərlə tarixə yazır. Ancaq Maria Kürinin aldığı tək Nobel mükafatı bu olmadı, o 1911-ci ildə Kimya üzrə Nobel mükafatı alaraq tarixdə iki fərqli sahədə Nobel mükafatı alan yeganə insan oldu. 

 

Maria Kürinin hekayəsi sadəcə uğur hekayəsi deyil, bu həm də mübarizə hekayəsidir. Onun adını tarixdən silməyə çalışan, unutmaq istəyən və görməzdən gələn qaranlığa qarşı bir qadın olaraq öz hekayəsini yazmağın mübarizəsi, öz həyatının baş qəhramanı olmağın mübarizəsidir.

 

Maria Kürinin hekayəsi ilə tanış olduqda, hekayəsini yazmağa fürsət verilməmiş minlərcə qadının olduğunu da unutmayaq. Tarixin böyük bir hissəsində insanların yarısı qadınlardan ibarət olub, amma bir cəmiyyətin yarısının potensiyalına çatmaqda məhrum edilib. Bu günə baxdıqda dünyamız uzun bir dövrü geridə qoyub, yetəri qədər saydığımız dəyişikliklər, inkişaf baş verib, bəs tarix boyu qadınların hüquqları kişilərlə bərabər olsaydı, onlara eyni imkanlar tanınsaydı nə olardı? Qadınların da tarix boyu azad şəkildə elmlə, sənətlə məşğul olduğu bir cəmiyyət olsaydı nə olardı?

Arifə Kərimzadə