BDU-da “Avtomatlaşdırmanın və süni intellektin ictimaiyyətlə əlaqələr işinin təşkilinə təsiri" mövzusunda elmi seminar keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 21:27 01.05.2024

Bu gün BDU-nun (Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında “Avtomatlaşdırmanın və süni intellektin ictimaiyyətlə əlaqələr işinin təşkilinə təsiri" mövzusunda doktorant Zənurə Ziyaddin qızı Talıbovanın elmi seminarı təşkil olunub.

 

Zənurə Talıbova “Avtomatlaşdırmanın və süni intellektin ictimaiyyətlə əlaqələr işinin təşkilinə təsiri” mövzusunda təqdimat edib. Təqdimatda bildirilib ki, süni intellekt iqtisadiyyat və cəmiyyət üçün hərəkətverici qüvvə kimi dünyanın əsas müzakirə mövzularındadır. 

 

Doktorant qeyd edib ki, insan zəkasının vəzifələri yerinə yetirə bilən ağıllı maşınların yaradılması ilə məşğul olan süni intellekt (AI) sahəsi maşınlara insan şüurunun imkanlarını modelləşdirməyə və ya hətta təkmilləşdirməyə imkan verir. Təqdimat zamanı imkanlarına görə süni intellektin növləri, üstünlükləri, çatışmazlıqları, eləcə də ictimaiyyətlə əlaqələr işinə təsirlərindən danışılıb.

 

Seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova və fakültənin müəllimləri Sabir Məmmədli, Həmid Vəliyev, Təranə Mahmudova, Pərvanə İbrahimova və Aytəkin Zeynalova, Vəfa İsgəndərova, Sevinc Əliyeva da iştirak ediblər.

 

Çıxış edən Aynur Nəsirova Zənurə Talıbovaya təşəkkür edib və seminarla bağlı fikirlərini söyləyib:

 

"Çox önəmli, aktual bir məsələyə toxunmusunuz, “Avtomatlaşdırmanın və süni intellektin ictimaiyyətlə əlaqələr işinin təşkilinə təsiri" mövzusu ölkəmiz üçün olduqca önəmlidir. İnformasiya siyasətinin formalaşmasında bu mövzunun əhəmiyyəti çox böyükdür. BDU-nun fakültəsi də birbaşa media sisteminə bağlı bir təhsil formatı olduğundan bizim bugünkü müzakirəmiz düşünürəm ki, gələcəkdə magistr və tələbələrin də marağına səbəb olacaq".