Şuşa bizim dünənimiz, bu günümüz, sabahımızdır!
Bölmə: Sosial › ,Tarix: 21:30 08.05.2024
Sözlərimə Ulu Öndərimiz Heydər Əliyevin məşhur kəlamı ilə başlamaq istəyirəm: "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur".
Şuşa bizim dünənimiz, bu günümüz, sabahımızdır.
Vətənimizin bir guşəsində yaralı, övladlarına həsrət, 28 il xarıbülbülü köksünə basıb göz yaşları ilə suvaran, üstündə yadların gəzdiyini görüb köksünə dağ basılan, Xan Şuşinskinin səsini başı qarlı, vüqarlı dağlarına hifz edən, Azərbaycanımızın incisi, Qarabağımızın mirvarisi, xarıbülbülümüzün vətəni, musiqilərimizin beşiyi, şəfalı sularıyla dərtlərə dərman olan, igidlərin oylağı, təbiətin növrağı - Şuşamız var.
Şuşa haqqında nə qədər danışsaq da, başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı bu gözəli nə qədər vəsf etsək də yenə az olar.
Qəlbimizin dərinliklərində məskən quran bu yurdumuzun tarixi də gözəlliyi kimi bənzərsizdir.
Şuşa uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı oldu. Pənahəli xan Şuşanı Qala-şəhərə çevirdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırıldı.
Şuşa hər bir zaman Ümumilli liderimizin diqqət mərkəzində oldu. Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərir, erməni iddialarını hər zaman iflasa uğradırdı. Məhz onun sayəsində Şuşadakı tarixi abidələrə, böyük diqqət göstərilirdi, M.P.Vaqifin məqbərəsi açıldı, poeziya günləri keçirildi.
Məhz ecazkar gözəlliyinə görə Şuşa tarix boyu düşmənlərimizin diqqət mərkəzində oldu.
Aradan uzun illər ötüb keçdi. Qara buludlar qara donlu kafirlər kimi yurdumuzun səmasını tutdu.
1992-ci il 8 may tarixində Erməni silahlı birləşmələri Şuşanı işğal etdi. Şəhər sakinləri yurd- yubalarını tərk etməyə məcbur qaldılar.
Və bununla da Şuşasız günlərimiz başladı. 30 ilə yaxın Şuşa erməni daşnaklarının əsiri oldu.
Deyirlər çox sevənlər qovuşmazmış, biz isə qovuşduq, Şuşam!
Şuşanın bizə, bizim Şuşaya olan həsrətimizə müzəffər ordumuz 8 noyabr 2020-ci ildə son qoydu. Şəhidlərimizin qanları ilə suvardığı Xarıbülbül qamətini dikəldib öz soydaşlarını səslədi.
Şuşa "Şuşasız bizim işimiz yarımçıq qalar" deyən Heydər Əliyev kursunun siyasi davamçısı, Ali baş komandan İlham Əliyevin səyləri nəticəsində, şəhid və qazilərimizin canları və qanları bahasına düşmən tapdağından azad edildi.
Bu gün Şuşada, ümumiyyətlə bütöv Qarabağda quruculuq işləri görülür və biz o günü Şuşaya böyük qayıdış gününü gözləyirik.
Bəli, Şuşa bizim dünənimizin tarixi, bu günümüzün haqq səsli qələbəsi, sabahımın müjdəçisidir. Şuşa qəhrəmanlıq səlnaməsidir.
Banuçiçək Kalbalıyeva