Meyvələrin tez yetişməsi üçün bu üsullardan istifadə olunur-Mütəxəssis AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 23:08 08.05.2024
Meyvə və tərəvəzləri mövsümə uyğun istehlak etmək balanslı qidalanma üçün vacibdir. Bəzi meyvə və tərəvəzlər isə mövsümündən öncə satışa çıxarılır. Onların yetişdirilməsində müxtəlif dərmanlardan istifadə olunur. Məhz dərmanlar nəticəsində mövsümi meyvələrlə, vaxtından öncə satışa çıxarılan meyvələr arasında müəyyən dad və görünüş fərqlilikləri olur. Bunlara çiyələk, alça, qapız, xiyar, pomidor və.s meyvə və tərəvəzləri nümunə göstərmək olar. Son vaxtlar isə vətəndaşlar düşünür ki, satışdakı çiyələklərin ölçüsünün böyük olmasının səbəbi məhz bu dərmanlardır.
"İnformator.az" məsələni aydınlaşdırıb:
Sözügedən məsələ ilə bağlı nutrisioloq Fərid Səfərov saytımıza açıqlama edib:
"Hazırda satışda olan çiyələk yaz-yay meyvəsidir, yazın əvvəlində yetişdirilməyə başlayır, yaz boyunca və yayın əvvəlində isə tam mövsümüdür".
Qida mühəndisi satışda olan çiyələyin insan sağlamlığına vurduğu mənfi cəhətlərindən də bəhs edib:
"İndi satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir: 1)sağlamlığımıza; 2)cibimizə
Tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımıza birbaşa ziyanlıdır. Mövsümü olmadığı üçün də çox bahadır".
Fərid Səfərov müxtəlif yaş kateqoriyalarından olan insanlara çiyələyin doğru şəkildə qəbul olunması barədə vətəndaşlara məsləhətlər verib:
"Bütün meyvə və tərəvəzlərdə olduğu kimi, çiyələyin də gündəlik qəbul norması var. 100 qram çiyələyin kalorisi 32-dir, həddindən artıq istehlak edildikdə bəzi allergik reaksiyalara səbəb ola bilər. Tərkibində yüksək miqdarda kalium və fosfor olduğu üçün böyrək çatışmazlığı olan insanların mütəxəssis həkimə müraciət edərək istehlak etmələri tövsiyə olunur.
Nəzərə alsaq ki, uşaqların orqanizmi daha həssasdır, normadan artıq qəbulu uşaqlar üçün də zərərli hesab olunur. Sağlamlığınızı və büdcənizi qoruyun! Sağlam qidalanaraq sağlam yaşayın!"
Aysel Ağakərimova