Unutqanlığın səbəbləri nələrdir? -Nevroloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:58 10.05.2024

Unutqanlıq 7-dən 77-yə insanların əksəriyyətinin qarşılaşdığı bir problemdir.  Həkim-nevroloq Qalib Əsədov   "informator.az"a açıqlaması zamanı unutqanlığın əlamətləri, yaranma səbəblərini qeyd edib:

 


"Unutqanlıq yaddaş pozuntusudur.Yaddaş  pozulmasına gənc yaşlarda rast gəlinmir.Əgər kəllə-beyin travması alınmayıbsa, beynin xüsusi ağır üzvi xəstəlikləri yoxdursa yaddaş pozuntusu gənc yaşlarda yaranmır. Yaddaş  insanın iradəsindən asılı olmayan bir şeydir. Hər hansı hadisə pozitiv yaxud neqativ emosional yük daşıyırsa, bu bizim yaddaşımızda qalır. Pozitiv emosiyalı hadisələr bizi sevindirən hadisələr, neqativ emosiyalı hadisələr isə bizi kədərləndirən, əsəbiləşdirən hadisələr kimi yaddaşımızda qalır. Bu tipli informasiyalar müəyyən məna daşıyırsa, bu, insan yaddaşında qalır. Hətta elə vaxt olur ki , biz o hadisəni unutmaq istəyirik, amma  unuda bilmirik. Bu hal insanın özünü qorumaq, özünü müdafiə etmək instinkti ilə birbaşa əlaqədardır. Yaşa dolduqca beyin qabağında beyin neyronlarının sayı azalır, neyronlar tələf olur".

 


Nevroloq bildirib ki, bu səbəbə görə bəzi insanlarda altsheymer xəstəliyi adlanan xəstəlik yaranır.

 

"Bu xəstəlikdə insan dünən baş verən hadisələri xatırlamır, amma  keçmişdə,uşaqlığında baş verən hadisələri çox yaxşı xatırlayır. İlk əlamətləri yuxunun pozulması, pis yuxular görmək, qulaqlarda küy , bəzən baş gicərlənməsi hallarıdır.Əgər   insanlarda bu əlamətlərdən biri varsa, həkimə müraciət etməlidirlər. Bu gün əlimizdə elə preparatlar var ki , xəstəliyin gedişatının qarşısını ala bilərik. Altsheymer  xəstəliyinin arzuolunmaz   sonluqla qarşısını almaq mümkündür ki , bunun üçün vaxtında müalicəyə başlamaq lazımdır".

 

Zeynəb Mustafazadə