"Boşanmalarla bağlı vəziyyət o qədər kritikdir ki,..."-Sosioloqdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 23:28 10.05.2024

Son zamanlar çox yayılmış mövzulardan biri də boşanmaların sayının artmasıdır. Ötən illə müqayisədə ölkəmizdə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

 

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, boşanmalarla bağlı vəziyyət o qədər kritik və geniş formada əhatəli bir vəziyyət almış problemdir ki, hansı tərəfindən başlayıb bu problemi həll eləmək lazım olduğu da sual altındadır:

 

"Problemin həm çoxşaxəli, həm çox səbəbli, həm də arealının geniş olmağı, bu mövzunun geniş müzakirəsinə səbəb olur. Yəni problem bir deyil, bir kimi görünür lakin altında çox səbəb yatır. Ölkədə hər iki nikahdan biri ayrılmayla nəticələnir. Yəni iki nikah bağlanır, biri boşanır. Bu ölkə üzrə çox təhlükəli rəqəmdir. Həm ölkənin Ailə institutu üçün, həm cəmiyyət üçün, həm də ümumiyyətlə qadın-kişi münasibətləri, demoqrafik artım üçün, sosial problemlərin mədəni, mənəvi deqradasiyanın həll edilməz vəziyyətdə olması deməkdir. Həll yolların axtaranda qeyd elədiyimiz bütün istiqamətlərdən həllinə başlamaq lazımdır".

 

Sosioloq əlavə edib ki, uğursuz evliliyin səbəbi əslində fərddən-fərdə görə dəyişir:

 

"Biz konkretləşdirib deyə bilmərik ki, kimdəsə bu səbəbdisə, digərində də başqa səbəbdir. Üzdə görünən sosial probləmlərlə, işsizliklə və.s ola bilər, lakin bunun altında digər səbəblərdə yatır. Bunun altında mənəvi aşınma, insanların egosu, tətminsizlik, mənəviyyatsızlıq yatır.

 

Ümumiyyətlə, dünya bütün ən yaxşı xüsusiyyətlərini itirən insanların toplaşdığı bir cəmiyyətə çevrilir. O qədər sadə məsələləri böyüdərək problem halına gətiririk, ən xırda səbəblərdən ailəmizi dağıdırıq, olmayacaq şeylərə görə qanımızı qaraldırıq, başqasının könlünə toxunuruq, incidirik. Bir-birimizi qırmağa, incitməyə çox meyilli olmuşuq. Bu aşınmada burdan yaranır. Yəni bir səbəbi yoxdur, səbəblər olduqca çoxdur. Sosial məsələləri madiyyatla bağlayırlar. Sosial səbəbləri var, amma bu məsələlərin içində o qədər çox səbəb yatır ki, bir ad altında hamısına şamil olur".

 

Lalə Mehralı problemin həll yolunun çətin olduğunu düşünür:

 

"Problemin həll yolu olduqca çətindir. Həll yollarına baxdıqda, Əlaqədar Komitə deyir ki, tədbir görülür, planlar işlənir, müzakirələr gedir, amma nəticə bunu göstərmir.  Hazırda bununla bağlı yarımilliyin növbəti ay statistika açıqlanmalıdır. Ancaq yanvar ayındakı statika açıqlamasına baxdıqda, yeddi minə yaxın nikahdan, üç min beş yüzə yaxın boşanma olduğunu görürük".

 

Aysel Ağakərimova