Qarabağ Universiteti: "Ümumi balların heç də az olmasını düşünmürəm"-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:58 13.05.2024
"Qarabağ Universitetində infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".
Bu sözləri mediaya açıqlaması zamanı Elm və Təhsil Naziri Emin Əmrullayev deyib.
Bəs, növbəti illərdə də təhsil pulsuz olacaqmı? Qarabağ Universitetinə tələbə və müəllim qəbulu necə aparılacaq?
Bu barədə Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu "İnformator.az"a açıqlama verib. Ekspert bildirib ki, növbəti illərdə artıq hər il 1500-2000 tələbə qəbul etməklə yaxın 3-4 il ərzində 5000 tələbə bu universitetdə təhsil alacaq:
"Sentyabr ayında etibarən digər universitetlərdə olduğu kimi, Qarabağ Universitetində də tədris başlanılacaq. İyunun sonuna qədər universitetin yataqxanası, tədris binası və digər əsas işlər yekunlaşdırılacaq. Universitetdə təhsilin pulsuz olması, tələbələrin yataqxana ilə təmin edilməsi ilə yanaşı, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüd də veriləcək. Həmçinin hər bir tələbəyə kompüter veriləcək. Bu universitetdə təhsilin növbəti illərdə də bu şəkildə ödənişsiz olması barədə rəsmi rəy yoxdur. Düşünürəm ki, yaxın illərdə təhsilin ödənişsiz olması prosesi davamlı olacaq. Ödənişsiz şəkildə qəbul edilən tələbələr universiteti bitirənə kimi təhsillərini dövlət sifarişi əsasında başa vuracaqlar".
Universitetə tələbə, müəllim və rektor qəbulundan da söz açan Rizvan Fikrətoğlu əlavə edib ki, tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında abituriyentlərin topladıqları bal əsasında həyata keçiriləcək:
"Burada ümumi balların heç də az olmasını düşünmürəm. Bu il pedaqogika, iqtisadiyyat, turizm, mühəndislik, humanitar sahələr olmaqla, musiqi və incəsənətlə birgə 6 fakültə olacaq. Bu universitet infrastrukturuna, keyfiyyətli təhsilinə görə yaxın zaman çərçivəsində regionun ən güclü ali təhsil müəssisəsinə çevriləcək.
Qarabağ Universitetinə hələ ki, rektor təyin edilməyib. Universitetə üç proqram rəhbərinin qəbulu artıq bitib. Müəllim kadrların təyinatına gəlincə, yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq".
Banuçiçək Kalbalıyeva