Yayın gəlməsi ilə bahalaşan tur paketləri-RƏYLƏR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:08 13.05.2024

Yay fəslinin gəlişi ilə insanlar artıq məzuniyyətlə bağlı planlar qurmağa başlayıb. Bir çox insan isə istirahət müddətini daha əvvəldən planlaşdırmağa üstünlük verir. Bu səbəbdən də səyahət üçün tur paketlərindən istifadəyə maraq artıb. Tur paketlərinin populyarlaşmasının başqa bir neçə səbəbi də var. Xüsusən də tur paketlərinin fərdi səyahətlərdən daha ucuz başa gəlməsi vətəndaşların diqqətini cəlb edir. 

 

Lakin ekspertlərin fikrincə, hazırda bu sahədə tələb təklifi üstələyir. Nəzərə almaq lazımdır ki, tur paketlərinin indi alınması təxminən 300-400 dollar itirmək deməkdir. Mütəxəssislər təklif edirlər ki, tur paketi ilə səyahət edənlər ilin ilk aylarında qeydiyyatdan keçsinlər. Əks halda növbəti aylarda fərq daha çox ola bilər. Tur paketi qiymətlərinin artması isə hazırkı proseslərlə əlaqələndirilir. 

 

Mövzu ilə bağlı Turizm eksperti Ceyhun Aşurov bildirib ki, səyahətə çıxarkən erkən rezervasiyalardan öncədən hazırlamış, planlaşdırılmış şəkildə səyahət olarsa, daha qənaət etmək imkanları olur:

 

"Bu təyyarə biletlərində də, gediləcək yerin öncədən alınmasında da müəyyən qədər məbləğə qənaət etməyə imkanlar yaradır. Lakin bu ilki erkən rezervasiyaların da, qiymətlərin biz artımını müşahidə edirik. Bu artımı da biz ilk növbədə dünyada gedən bahalaşma prosesləri bu tur paketlərin qiymətinə təsir edir. Çünki enerji daşıyıcılarının qiyməti qalxıb, ərzağın qiyməti qalxıb".

 

 Azərbaycan vətəndaşlarının daha çox səfər etdiyi ölkələrdə 1 nəfər üçün 7 gecəlik tur paketinin qiymətlərini müqayisə etsək, Türkiyə üçün sözügedən proses yanvar üzrə 1 100 manat olduğu halda, may üzrə 1 400 manat təşkil edir. Rusiya üçün isə yanvarda rezervasiya 1 350, mayda 1 550 manatdır. Gürcüstana üz tutmaq istəyənlər yanvarda 600, mayda isə 800 manat ödəməlidirlər. Birləşmiş Ərəb Əmirliklərində qiymət isə hər iki ayda da dəyişməz olaraq qalır, yəni 1000 manat. Macarıstanda isə ilin ilk ayında 1 250 manat, mayda 1 550 manatadək artımla müşahidə olunur.

 

Turizm eksperti Rəhman Quliyev isə qeyd edib ki, biz yanvar ayındakı qiymətlərə nəzər salsaq, bir nəfərlik gediş, dönüş, bilet, qarşılama, yola salma və gündə üç dəfə qidalanma qiymət 550-700 dollar, yəni təxminən 1100 1200 manat civarında dəyişən qiymətlər mövcud idi. Həmin kateqoriyadan olan otel bir nəfər üçün artıq 1700 -1800 manat civarında dəyişir. İndi endirimlər demək olar ki, 5 faiz 10 faiz endirimlər qalıb.

 

Hazırkı qiymətlər növbəti aylarda daha da arta bilər. Digər tərəfdən ilkin rezervasiyada prosesi düzgün araşdırmamaq vətəndaşlara zərərlə geri dönə bilər. Belə ki, bəzən yanlış zaman, bilet və istiqamətlərin seçilməsi kimi mənfi hallar baş verir. Xüsusən də sosial şəbəkələrdə təhrif olunan qiymətlərlə insanları aldadırlar. Ekspertlər deyirlər ki, bu proseslər vətəndaşlarda böyük bir çaşqınlıq yaranmasına səbəb olur.

 

Rəhman Quliyev əlavə edib ki, vətəndaşlar bəzi tur şirkətlərdən tur məhsul əldə edirlər və gedirlər:

 

"Həm hava limanında problemlə qarşılaşırlar, eyni zamanda otellərdə problemlə qarşılaşırlar. Sosial şəbəkələrdə təhrif olunmuş qiymətlərə çox yeni fikir verməsinlər. Hər hansı bir turizm şirkətinin ofisinə yaxınlaşırlar, orada turizm şirkətlərinin əməkdaşlarından birbaşa mütəmadi olaraq ünsiyyətdə olsunlar. Və onlardan aldığı tur məhsul haqqında müqavilə tələb eləsinlər. Həmin müqavilədə getdiyi istiqamətdə olan turların bütün gedişatı proqramı orada öz əksini tapmalıdır və aldığı turizm firmasına ödədiyi məbləğin qəbzini tələb etməlidir".

 

Mütəxəssislər bildirirlər ki, bu problemləri azaltmaq üçün səyahətçilər turizm şirkətlərini hərtərəfli araşdırmalıdırlar. Həmçinin əvvəlki müştərilərin rəylərini oxumalı, tur paketi ilə bağlı suallar verməli, bron etməzdən əvvəl bütün şərtləri dəqiqləşdirməlidir. Eyni zamanda vətəndaşlar bütün bronlaşdırma prosesi boyunca agentliklə açıq ünsiyyəti təmin etməlidir.