Tələbələrin diqqətinə!

Bölmə: Sosial › ,
Tarix: 22:17 13.05.2024

Bildiyimiz kimi, ali məktəblərdə tələbələrdən sərbəst iş ( yazı işi) tələb olunur. Günümüzdə sosial şəbəkələrdə bu yazıları pul müqavilində yazan şəxslər mövcuddur.

Həmin şəxslərin bu işlərlə məşğul olması qanuna uyğundurmu?

Bu halda tələbənin akademik yazısında plagiat olması halı mümkündür?

 

Mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az”a açıqlamasında bildirib ki, bu kimi hallara universitet nəzarət etməlidir:

 

 


“Əlbəttə, hər hansı şəxs başqa bir şəxsin diplom işi ilə, kurs işi ilə, sərbəst işi ilə bağlı məlumatlar verməsi qanunvericiliyı uyğun deyil. Əgər kimsə bu istiqamətdə xidmət göstərirsə, həmin şəxs xidmətini təqdim edir. Burda qarşı tərəf diqqətli olmalıdır. Eyni zamanda prosesə universitet nəzarət etməlidir ki, tələbələrdən tələb olunan elmi işi, yazı işini özləri hazırlasınlar. Çünki özləri təqdim etmədiyi halda onlara yazılan qiymətlər qeyri-formal olur. Eyni zamanda ixtisaslaşdırılma, yazı işləri ilə bağlı məlumatları qeyri-dəqiq olur. Ona görə də universitet bu kimi halları nəzərdə saxlamalıdır”.

 

Mövzuyla bağlı təhsil eksperti Cahid İmanlı da öz fikirlərini bildirib. Ekspert qeyd edir ki, hazırda ali məktəblərdə sərbəst işlərin yazılmasında bir sıra çatışmamazlıqlar var:

 

 

“Ümumiyyətlə, hazırda ali məktəblərdə pedaqoji prosesin təşkilində, müxtəlif fənlərə qoyulan metodik tələblərdə, keçirilən dərslərin akademik qiymətləndirilməsində müəyyən çatışmamazlıqlar var. Bunlardan biri də sərbəst iş və ya yazı işi(referat) hesab olunur ki, tələbələrin böyük bir hissəsi bunları müxtəlif yollarla əldə edirlər. Burada hansısa universitet əməkdaşlarının da iştirakının olması istisna deyil. Bu yaxınlarda cənab nazir Emin Əmrullayev çıxışlarının birində qeyd etdi ki, hansısa alimin plagiat yazdığı məlum olarsa, onun bütün işlərini ləğv etmək lazımdır”.



Cahid İmanlı nəzərə çatdırır ki, hazırkı şəraitdə tələbələrin bir çoxunun məhz plagiat yazdığı məlumdursa, universitet rəhbərliyi bunu aradan qaldırmağın yollarını aramalıdır.

 

“Yaxşı olardı ki, tələbələrə belə sərbəst işləri   dərsdə müəyyən internet resurslarından istifadə etməklə real vaxt çərçivəsində nəzarət altında yazdırsınlar. Bunu istər praktiki, istərsə də nəzəri çalışmalara aid etmək olar”.

 

Azər Abuşov