"ATƏT-in Minsk qrupu həmsədrlərinin heç bir çalışmalarını görmədik"-Mübariz Göyüşlü

Bölmə: Siyasət › ,
Tarix: 20:09 15.05.2024

"ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır". Bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

 

"ATƏT-in Minsk qrupu mövcud olduğu müddətdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ keçmiş münaqişəsi ilə bağlı heç bir iş görülmədi". Bu sözləri ATƏT-in Minsk qrupunun ləğv edilməsi məsələsi ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü informator.az-a açıqlamasında bildirib.

 

 

M.Göyüşlü sözügedən qrupun etməli olduğu halda boyun qaçırdığı işlərdən söz açır: "Bu qrup münaqişənin həlli ilə bağlı addım atmalı, təkliflər verməli idi. Həmçinin, keçmiş məcburi köçkünlərin geri qayıtması kimi məsələlərdə onlara yardım etməli idi, amma bunların heç birinə əməl etməlidilər. Onların gəlib-getməsi turist səfərləri idi. Bu da heç nəyi həll etmirdi. Nəhayət, Azərbaycan 30 ildən sonra öz gücünə bu məsələni həll etdi. Hətta İkinci Qarabağ Müharibəsindən sonra da ATƏT-in Minsk qrupu həmsədrlərinin formal da olsa, hər hansı bir çalışmalarını görmədik".

 


Şərhçi bu qrupun sadəcə sənəd üzərində olan varlığını vurğulayır:
"Hazırda Amerika, Rusiya, Fransa dövlətləri başqa format seçdilər. Biri xüsusi nümayəndə təyin etdi, digəri Cənubi Qafqaz üzrə baş müşavir kimi məsələlər müəyyənləşdirdi. Həmin şəxslər Minsk qrupu həmsədrlərini əvəz etmiş oldular. Onlar yenə də Azərbaycan-Ermənistan rəhbərliyi ilə görüşlər keçirdilər. Bu da göstərir ki, Minsk qrupu faktiki olaraq yoxdur. Sadəcə sənəd üzərində qalıb. Buna isə ehtiyac yoxdur. Prezident İlham Əliyev doğru olaraq təklif etdi ki, Minsk qrupunun həmsədrləri olan ölkələr-Azərbaycan-Ermənistan öz fikirlərini söyləməli, razılaqlar verib məsələni bitirməlidirlər. Ermənistandan da Minsk qrupu, onun vacibliyi ilə bağlı hər hansı bir fikir səslənmədiyinə görə, müşahidə edirəm ki, Azərbaycan-Ermənistan məsələni ikitərəfli həll edir. Ona görə də bu qrup ləğv edilməli, sənəd üzərində olan formal məsələlər isə bitməlidir".

 

Çinarə Muradova