Ermənistanın Sülh Sazişi və Kommunikasiya Məsələləri

Bölmə: Siyasət › ,
Tarix: 21:38 26.02.2025

İrəvan Bakıdan sülh sazişi layihəsi ilə bağlı cavab alıb. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. O bildirib ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab alıb. Amma kommunikasiyaların blokdan çıxarılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizminə hələ cavab alınmayıb.

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Aytən Qurbanova bildirib ki, sərhədsiz və səbəbsiz hərbiləşmə dövrünü yaşayan Ermənistan ilk növbədə bu prosesi dayandıraraq xoşniyyət nümayiş etdirməli və regional təhlükəsizliklə bağlı yaratdığı bütün təhdidləri aradan qaldırmalıdır:

 

"Düşünürəm ki, sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın konkret və qətiyyətli mövqeyini ifadə edən bəndlər üzrə heç bir dəyişiklik yoxdur. Aydın şəkildə ifadə edə bilərik ki, bu bəndlər ilkin olaraq Ermənistanın ərazi bütövlüyü ilə bağlı bütün iddialarından birmənalı şəkildə imtina etmək öhdəliyini özündə ehtiva edir və sülh müqaviləsinin baza prinsipi olaraq dəyərləndirilə bilər. Belə olan halda təbii ki, müvafiq tələblər yerinə yetirilsə, çox yaxın müddətdə sülh müqaviləsi imzalana bilər. Amma Ermənistan tərəfinin sülh danışıqlarını imitasiya etmək xarakterli belə “xoşniyyət” bəyanatları artıq ənənə halını alıb və təəssüf ki, reallığı əks etdirmir. Digər tərəfdən, kommunikasiyaların blokdan çıxarılması, silahların qarşılıqlı yoxlanması və nəzarəti mexanizmi də məhz Ermənistanın qeyri-adekvat addımları nəticəsində razılaşdırılmamış məsələ olaraq qalır. Onu da qeyd edək ki, sərhədsiz və səbəbsiz hərbiləşmə dövrünü yaşayan Ermənistan ilk növbədə bu prosesi dayandıraraq xoşniyyət nümayiş etdirməli və regional təhlükəsizliklə bağlı yaratdığı bütün təhdidləri aradan qaldırmalıdır. Kommunikasiya xətlərinin açılması ilə bağlı öhdəlikdən yayınan tərəf də məhz Ermənistan olduğu halda bu məsələdə yenə Azərbaycanı hədəf göstərməklə əslində dialoqdan və sülh anlayışında nə qədər uzaq yanaşmaya sahib olduğunu bir daha nümayiş etdirmiş olur".

 

Günel Verdiyeva