Virtual aləmdə itən gənclik – Real həyata adaptasiya niyə çətinləşir?

Bölmə: Sosial › ,
Tarix: 21:19 26.02.2025

Son illərdə texnologiyanın sürətli inkişafı gənclərin həyat tərzini köklü şəkildə dəyişib. Virtual dünya sosiallaşma, əyləncə və hətta təhsil üçün yeni imkanlar yaratsa da, bəziləri üçün gerçək həyatdan uzaqlaşmağa səbəb olur. 

 

Bu barədə psixoloq Sibel Piriyeva "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, texnologiyanın inkişafının gənclər üzərində həm mənfi, həm də müsbət tərəfləri var:

 

"Son illərdə yalnız texnologiya deyil, elmi inkişaf da sürətlə irəliləyir. Elmin bu inkişafı, hazırda gənclərimizin yenilikləri öyrənməyə meyilini artırsa da, eyni zamanda zaman qıtlığı problemini də yaradır. Müasir gənclərin əksəriyyəti oxumağa və sonra işləməyə yönəlmiş vəziyyətdədir. Bu da özlüyündə əyləncəyə, sosiallaşmaya və yaşıdları ilə vaxt keçirməyə az imkan yaradır.

 

Bu səbəbdən, elmin və texnologiyanın sürətli inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi təsirləri də müşahidə olunur. Müsbət tərəflər arasında yeni biliklər və informasiyalar qazanılması, hər şeyin əlçatan olmasıdır. Ancaq mənfi tərəfləri arasında iqtisadi çətinliklər, müasir dövrlə ayaqlaşma tələbi, işsizlik və digər sosial problemlər də yer alır. Zaman qıtlığı gənclərdə stress, depressiya, tükənmə sindromu və təşviş kimi psixoloji pozuntuların yaranmasına səbəb olur.

 

Gündəlik həyatda insanları gördükdə, hamının bir işə tələsdiyini, qaçdığını müşahidə edirik. Hər kəs öz işlərini vaxtında yerinə yetirməyə çalışır. Sosial şəbəkələr isə insanların ideal özlərini göstərməyə yönəlir. Bu, real və ideal mən arasında fərqlər yaratmaqla yanaşı, kənar insanların öz real mənlərini başqalarının ideal mənləri ilə müqayisə etməsinə gətirib çıxarır. Bu da ruh düşkünlüyü və dəyərsizlik hissinin yaranmasına səbəb ola bilər".

 

Psixoloqun sözlərinə görə, sosial şəbəkədəki ideal mən obrazı insanların məqsədlərinə çatmasına mane olur:

 

"İnsanların bir-biri ilə ünsiyyət qura bilməməsi, zaman ayıra bilməməsi real həyatdan qopmalarına yol açır. Telefonlara daha çox meyil etmək, asılılığın artmasına səbəb olur. İdeal və real mən arasında uçurum olduğu üçün insanlar konkret reallıqları üzərində hədəf müəyyənləşdirmir, bu da onların məqsədinə çatmağına mane olur. İnsan öz potensialı və bacarıqları ilə hədəf qoymalı, ona uyğun həll yolları taparaq məqsədinə çatmalıdır.

 

Gənclərin həyatını daha yaxşı etmək üçün telefon asılılığından uzaqlaşmaq, psixoloji sağlamlığı təmin etmək, düzgün şəxsiyyət formalaşdırmaq və sağlam həyat tərzi qurmaq önəmlidir. Sağlam qurulmayan həyatlarda maneələr daha çox olur, amma sağlam qurulan bir həyatda maneələr olsa da, onların öhdəsindən gəlmək daha asan olur".

 

Nuray Qurbanlı