"Evlilik və boşanmaları tez-tez mediada yayımlamaq bu halları adiləşdirməkdir"-Gülnar Orucova

Bölmə: Sosial › ,
Tarix: 19:13 16.05.2024

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb.

 

 

Bəs bu statistikanı tez-tez mediada işıqlandırmaq insanlara psixoloji olaraq təsir göstərirmi?

 

 

"Evlilik və boşanmaqları daha tez-tez mediada yayımlamaq bunları insanların gözündə daha çox adiləşdirmək deməkdir. Biz boşanmaları tez-tez paylaşaraq insanları bundan çəkindirmirik. Daha da adiləşdiririk ki, hamı boşanıb, sən də boşana bilərsən. Burada qeyri-adi heç nə yoxdur". Bu sözləri informator.az-a açıqlamasında psixoloq Gülnar Orucova bildirib.

 

 


Psixoloq qeyd edir:
"Bizləri statistika qorxuda bilər. Bu gün dünyada boşanmaların sayı çoxalır. Hazırda Azərbaycanda da bu halların çox olması normaldır. İnsanları daha çox narahat edən evlilik müddətinin çox qısa olmasıdır. Əvvəllər 3,5 il evli olurdular. Sonra boşanırdılar. Problem isə çox ciddi olurdu. Hazırda "məntiq evliliyi" adı altında evlənirlər. Sonra ayrılırlar. Elə insanlar ilə evlənirlər ki, sonra həmin insanlar ilə yaşamağın mümkün olmadığını müşahidə edirlər. Bu səbəblər daha çox qurumları narahat etməlidir".

 

 

G.Orucova əlavə edir:
"Dövlət olaraq boşananda psixoloq veririk ki, barışdırsın. Lakin evləndikdə psixoloq vermək lazımdır ki, xarakterlər uyur, ya uymur. Gələcəkdə hansı problemlər baş verə bilər və yaxud da bu problemlərdən qaçmaq üçün heç evlənməsələr daha yaxşı ola bilər. Biz isə əksinə boşandıqda barışdırmaq üçün cəhdlər edirik. Bəzən elə insanlar çıxış edir ki, bu hal xüsusilə qadınlara təsir edir: "Sənin əgər maddi olaraq çətinliyin varsa, boşanmalısan. Mən özüm qazanım deyə bir fikir formalaşdırmırlar". Bu cür insanlar da var. Burada özgüvən məsələsi də var. Özgüvən qadınlarda artıq olduqda zərər və fəsadları ortaya çıxır. Qadın sərbəstlik ilə özbaşınalığı qarışdıra bilir".

 

Çinarə Muradova