Kenan Yıldızdan Del Piero ilə bağlı etiraf!
Bölmə: İdman › ,Tarix: 23:20 20.12.2024
Yuventusun ulduzu Kenan Yıldız İtaliya komandasının əfsanəsi Del Pyero haqqında danışıb.
Təcrübəli futbolçu Yuventusda bu mövsüm göstərdiyi performansla bağlı bunları deyib:
“Keçən mövsüm ilk ili idi. Daha gənc idim. Bu mövsüm komandada daha çox iştirak edirəm və daha çox oynamaq şansı qazanıram. Bədən zamanla özü inkişaf edir. Çox oyun oynadıqca bədən buna alışır və məşqlərlə inkişaf artır. Məncə, hər şeydə özümü inkişaf etdirməliyəm. Fiziki, texniki baxımdan hər sahədə inkişaf edə bilərəm. Qarşıda uzun bir karyera var. Ümid edirəm ki, bu inkişafı təmin edəcəyəm. Sərbəst zərbələr üzərində komanda ilə birlikdə çalışırıq. Gələcəkdə sərbəst zərbə vurarammı, bilmirəm. Baxarıq, görərik. Komandada hər gün xoşbəxt olmağa çalışıram. Ailəmlə vaxt keçirirəm. Sadəcə işimə fokuslanıram. Ailəm mənim üçün böyük təsirə malikdir. Evdə hər zaman yanımdadırlar. Birlikdə zaman keçiririk. Onların mənimlə olduqları üçün çox minnətdaram. Məncə, mehriban və əyləncəli biriyəm. Dostlarımla və ailəmlə hər zaman yaxşı münasibətdə olmağa çalışıram. Çölə çıxdıqda hamı kimi adi biri oluram. Amma meydanda döyüşçüyəm".
Thiago Mottanın baş məşqçiliyi ilə bağlı suala Kenan Yıldız belə cavab verib:
“Thiago Motta çox yaxşı baş məşqçi və çox yaxşı insandır. Mənim spesifik bacarıqlarımın inkişafı üçün mənə kömək edir. Mənimlə danışır. Arxamda onun kimi biri olduğu üçün xoşbəxtəm".
Yuventusun əfsanəsi Del Pyero haqqında açıqlama verən Kenan Yıldız deyib:
“Mançester Siti oyunundan sonra Del Pyero ilə müsahibə zamanı güclü emosiyalar yaşadım. Müsahibəyə gəldiyim zaman onu gördüm. Tam fərqli bir aura var idi. Onunla danışmaq çox xoş idi. Uşaqlıq dövrümdə çox adam kimi mən də əfsanələri izləmişəm, amma karyeramın əsas qəhrəmanı Del Pyerodur. Buna görə də ən çox onu söyləyə bilərəm. O bir az fərqli idi, mən isə bir az daha güclü bir oyunçuyam. Onun etdiklərini bəzən etməyə çalışıram, amma mənim özünəməxsus bir stilim var".
TRT Spor-a danışan Kenan Yıldız Mançester Siti oyunundakı performansı barədə bunları deyib:
“Kyle Walker qarşısındakı performansımdan təbii ki, qürur duyuram, amma başqa oyunçularla bağlı danışmağı sevmirəm. O, çox yaxşı oyunçudur, dünyanın ən yaxşı müdafiəçilərindən biridir. Belə birinə qarşı oynadığım üçün çox xoşbəxtəm. Bir gün ən yaxşı futbolçu olmaq istəyirəm. Baxarıq, görərik. Əlimdən gələni edəcəyəm. Sağlam qalmaq və ailəmlə olmaq önəmlidir, qalanı sonra gələr".
Milli Komandadakı dostları ilə bağlı suala Kenan Yıldız belə cavab verib:
“Ən yaxın dostum Can Uzundur. Milli komandada Hakan ağabəyim var, Arda var… Hər hansı birini demək istəmirəm, çünki çoxdur. Amma ən yaxın dostum Can Uzundur. Buraya ilk gəldiyimdə Hakan ağabəyim mənə çox kömək etdi. Digər komanda yoldaşlarım da kömək etdilər. Onlara çox təşəkkür edirəm. Daha əvvəl saçımla bağlı bir hadisə də olmuşdu. Alleqri saçımı kəsməyimi istədiyi zaman ertəsi gün kəsdirmişdim. Bu vəziyyəti çox ciddiyə almıram. Bəzi insanlar pis şeylər yazdılar, amma onların işi budur. Mən hər zaman pozitivəm".
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli