Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi-Uğur gətirəcəkmi?

Bölmə: Siyasət › ,
Tarix: 20:34 27.02.2025

Avropa İttifaqının adından da bəlli olduğu kimi, bu, Rusiyaya qarşı sanksiyaların birincisi deyil və sonuncusu da olmayacaq.


Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib:
“Çünki bu artıq 16-cı sanksiyalar paketidir. Hətta Amerikada Co Bayden administrasiyası hakimiyyətdə olduğu zaman, dolayısıyla Avropa da Amerika ilə birgə anti-Rusiya mövqeyində dayanaraq Ukraynaya həm maddi, həm də texniki cəhətdən dəstək verirdilər, amma bu sanksiyalar paketi uğurlu olmurdu”.


Şərhçi qeyd edir ki, zamanla Rusiyanın bu müharibəyə çoxdan hazır olduğunu gördük:
“Onun daxili resurslarının zənginliyi və xarici asılılığının tez bir zamanda aradan qaldırılması, stabilləşməsi – yəni müharibəni davam etdirməsi üçün şərait yaratdı. Nəticə etibarilə, Rusiya Ukraynada məqsədlərinə tam olaraq çatmasa da, zamanla irəliləməyə davam etdi və bu gün faktiki olaraq üstünlüyü əldə etmiş görünür”.


H.Səhrablı hazırki sanksiyalar paketinin də, xüsusən Trump administrasiyasının ABŞ-da iqtidarı ələ almasından sonra o qədər də uğurlu olacağını düşünmür:
“Çünki Donald Trump özü artıq anti-Rusiya addımlarından geri çəkilir və Bayden dövründə olduğu qədər Ukraynaya dəstək vermir. Buna görə də düşünürəm ki, bu sanksiyalar paketi Rusiya iqtisadiyyatına daha az təsir göstərəcək və qarşıya qoyulan məqsədə, digər paketlər kimi, çatmayacaq. Rusiya dayanmayacaq, qoşunlarını geri çəkməyəcək və yenə də öz maraqlarını diktə edəcək. Ukraynanın Rusiyanın təzyiqlərinə nə qədər davam gətirə biləcəyi və hərbi əməliyyatlarla necə qarşılıq verəcəyi məsələsi isə önümüzdə sual olaraq qalır”.


H.Səhrablı sonda əlavə edir ki, bu tamamilə Ukraynaya göstəriləcək dəstəkdən asılıdır:
“Mən düşünürəm ki, Avropa İttifaqı və ölkələri Rusiyaya sanksiyalar tətbiq etməkdənsə, Ukraynaya döyüş meydanında üstünlüyünü təmin edəcək qədər dəstək versələr, daha məqsədəuyğun olar. Amma belə görünür ki, onların buna daxili resurslarının imkanları əl vermir. Nəticə etibarilə də Ukraynaya dəstək göstərilsə də, bu üstünlüyü geri almaq, Rusiya qoşunlarını geri püskürtmək üçün yetərli olmayacaq”, - deyə o, yekunlaşdırıb.


Laləzər Məmmədova