Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var

Tarix: 23:12 11.04.2025
Rusiya hərbçilərinin cümə axşamı Dnepropetrovsk vilayətini raket zərbələri ilə atəşə tutması nəticəsində Dnepr şəhərində 5, Nikopol şəhərində isə 13 nəfər yaralanıb.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, 2022-ci ildən bəri artıq 3 ildən çoxdur ki, Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə, hətta paytaxta və digər əsas siyasi, iqtisadi, ticarət mərkəzlərinə davamlı hücumlarını izləyirik:
“Bu artıq adət halını almış hücumlardır. Hər dəfə qərbdən, ABŞ-dən və ya digər dövlətlərdən bu hücumların qınanması səslənir, “Rusiya hücumları dayandırmalıdır”,-deyilir. Amma nəticə etibarı ilə nə hücumlar dayanır, nə Rusiya geri addım atır, nə də bu qınaqlar Ukraynanın maraqları üçün hüquqi zəmin yaradaraq faydalı nəticə verir.
Bu səbəbdən demək lazımdır ki, Rusiyanın son hücumunu kimlərin qınayıb-qınamamasından asılı olmayaraq, Rusiya öz məqsədlərinə çatmaq üçün hücumlarını davam etdirir. Ukrayna isə hazırda Tramp administrasiyasının anlaşılmaz, dəyişkən və qeyri-müəyyən mövqeyindən dolayı müəyyən çətinliklərlə qarşılaşır.
Əgər Ukraynaya yardım məsələsindən danışırıqsa, bu yardım yalnız və yalnız ərazidə — yəni müharibə bölgəsində onu dəstəkləməklə, ona maddi-texniki yardımı artırmaqla həyata keçirilə bilər. Artıq 3 ildir ki, görürük: heç bir qınaq, çağırış, “müharibəni dayandırın”, “yaşayış məntəqələrini bombalamayın” kimi bəyanatlar nəticə vermir. Belə olan halda real nəticə verəcək addımların atılmasına ehtiyac var. Boş qınaqlar isə hər zamankı kimi faydasız qalacaq”.
Həşim Səhrablı qeyd edib ki, nəticə əldə etmək istəyənlər Ukraynanı lazımınca maddi-texniki dəstəklə təmin etməlidirlər ki, həm cəbhə bölgəsində, həm də ondan kənarda vurulan ərazilərdəki dağıntıların qarşısı alınsın, Ukraynanın texniki bazası formalaşsın:
“Ukraynanın bu hücumlara necə cavab verdiyi məsələsinə gəldikdə isə, Ukrayna bacardığı qədər artıq 3 ildir ki, cavab verir. Rusiya kimi böyük bir dövlətin genişmiqyaslı işğal hərəkatının qarşısını almaq asan deyil. Bu, mübahisəli mövzudur ki, Ukrayna bu hücumların qarşısını nə qədər ala bilib, çünki onun şərq vilayətləri hazırda Rusiya tərəfindən işğal edilib. Amma ümumilikdə təslimçilik yoxdur. Ukrayna 3 ildir ki, mübarizə aparır, döyüşür, öz suverenliyindən və milli maraqlarından imtina etməyib. O, döyüşməyə davam edir. İtkilərə, torpaqların bir qisminin işğal edilməsinə baxmayaraq, cəbhədə hələ də Ukrayna əsgəri dik dayanıb və rus əsgərinin işğal addımlarına qarşı mübarizəsini davam etdirir”.
Siyasi şərhçi bildirib ki, Ukraynanın hazırkı maddi-texniki imkanları Rusiyanın bu hücumlarına layiqli cavab verməyə imkan yaratmır:
“Ukrayna müxtəlif vasitələrlə hücumlar etməyə çalışır — son zamanlar müxtəlif vilayətlərdə Ukrayna PUA-larının uçduğuna və bəzi bölgələrdə fəsadlar törətdiyinə şahid oluruq. Amma bu da yetərli deyil. Yetərli olması o zaman mümkündür ki, Rusiya bu hücumlardan sonra geri çəkilsin, ya da hücumlarının intensivliyi azalsın. Təəssüf ki, Ukraynanın hazırkı texniki bazası ilə Rusiyaya verdiyi cavablar onu geri püskürtmək üçün kifayət etmir. Məhz bu nöqtədə qeyd etdiyim məsələyə qayıtmaq lazımdır: Ukraynanın hərbi çatışmazlıqları aradan qaldırılmalıdır ki, cəbhədə Rusiyaya qarşı güclü müdafiə istehkamı qurula bilsin. Amma təəssüf ki, nə Qərb, nə də ABŞ bu məsələdə real nəticə verəcək səviyyədə yardım göstərmir”.
“Hazırda Rusiyanın yeni bir müharibəyə başlamaq üçün hərbi potensialı ola bilər, amma mənə elə gəlir ki, belə bir niyyəti yoxdur. Çünki qlobal sistem çökür, yeni reallıqlar və güc qütbləşmələri yaranır. Rusiya əgər başqa bir ölkəyə də hərbi müdaxilə etsə, bu qütbləşmədən uzaq qala və beynəlxalq mövqeyini itirə bilər. Ona görə də Rusiyanın Ukraynaya endirdiyi zərbələr əslində regiondakı anti-Rusiya mövqeyi tutan dövlətlərə bir mesajdır: “Siz də bu aqibəti yaşaya bilərsiniz. Bunu yaşamamaq üçün Rusiyanın maraqlarına zidd addımlar atmayın.” Lakin hər hansı bir ölkəyə nizamsız və plansız hücum etmək Rusiyanın da maraqlarına uyğun deyil”.
Asiman Vəliyeva