Çinin ABŞ-yə reaksiyası necə olacaq? -ŞƏRH

Tarix: 22:33 11.04.2025
“ABŞ Çinlə ticarət sazişi bağlamaq istəyir və onunla razılaşa biləcəyinə əmindir".
Bunu Amerika lideri Donald Tramp bildirib.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp güclü iqtisadçı və biznesmen olduğu üçün dövlət idarəçiliyində də iqtisadi prinsipləri əsas götürərək addımlar atır:
"Burada müxtəlif ölkələrə münasibətdə tarif tətbiq etməsi, rüsumların artırılması ABŞ iqtisadiyyatını gücləndirir. İqtisadi sahədə bu cür islahatlar nəticəsində Tramp uğur axtarışındadır. Birinci prezidentliyi dövründə də Çinə qarşı iqtisadi müharibələri başladı. Bu daha çox texnoloji sahədə özünü göstərirdi. Çin bu müharibədə məğlub olmadı. Hətta bir sıra məsələlərdə daha dayanıqlı inkişaf sərgilədi. Rusiya-Ukrayna müharibəsi bu müharibənin törətdiyi nəticələrdə bu gün geniş müzakirə olunmaqdadır. Burada Çin şirkətləri həm Rusiya bazarına daxil oldu, həm ABŞ və qərb şirkətlərinin Rusiyanı tərk etməsi ilə bu boşluğu doldurdu. Bu gün daha çox mənfəət əldə edirlər. Trampın ətrafında olan siyasətçilər və iqtisadçılar eləcə də strateqlər artıq anlamağa başlayırlar ki, Çinlə rəqabətin davam etdirilməsinin bir nəticəsi olmayacaq. Əgər ABŞ istehsalatı öz ölkəsinə gətirsə və Çinin ucuz işçi qüvvəsindən imtina etsə, bu məhsulun maya dəyərinə güclü təsir göstərəcəkdir. Nəticədə ABŞ-nin korporasiyalarının, transmilli şirkətlərinin dünya bazarına çıxardığı məhsulların dəyəri artacaq və ona alıcılar yaxın durmayacaqlar. Belə olan halda rəqabət əvəzinə əməkdaşlıq təklif olunur".
Politoloq Çinin ABŞ-yə reaksiyasının necə olacağından da danışıb:
"Uzun illər ərzində Çinə qarşı tətbiq olunan bu tarif siyasəti Çin iqtisadiyyatına da milyardlarla dollar ziyan vurmuşdu. İndi əməkdaşlıq üçün uzanan əli Çin qəbul etməyə də bilər. Bu siyasətin davam etdirilməsi həm də yeni bir rəqabət münasibətlərini formalaşdıracaqdır. Hazırki reallıqda isə qarşıdakı planlarda ABŞ üçün heç də qorxulu bir düşmən obrazında deyil. Çinin reaksiyası, davranışları, münasibətləri kəskin şəkildə dəyişə bilər".
Nuray Əliyeva