İstanbulda ABŞ-Rusiya Danışıqları: Türkiyənin Vasitəçilik Rolu

Bölmə: Siyasət › ,
Tarix: 21:08 27.02.2025

Rusiya-Ukrayna müharibəsini həll etmək üçün növbəti danışıqların İstanbulda keçiriləcəyi açıqlanıb. Türkiyə yenidən iki dövlət arasında vasitəçilik edəcək. 

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoliq Oqtay Qasımov bildirib ki, hazırda Ukrayna məsələsi ilə bağlı ABŞ-Rusiya danışıqlarının İstanbulda keçirilməsi şübhəsiz ki, Ər-Riyad görüşünün davamı olacaq: 

 

"ABŞ və Rusiya danışıqlarının növbəti hissəsinin İstanbulda keçiriləcəyi gözlənilən idi. Türkiyə regionun əsas dövlətlərindən biridir, eyni zamanda, savaş dövründə həm Rusiya, həm də Ukrayna ilə əlaqədə olmaqla prosesə öz töhfəsini verməyə çalışan əsas ölkədir. Nəzərə alsaq ki, müharibə başladıqdan sonra Türkiyənin istəyi ilə Rusiya və Ukrayna tərəfi 3 il öncə İstanbulda bir araya gəldi və burada razılıq əldə olunmuşdu. Hazırda Ukrayna məsələsi ilə bağlı ABŞ-Rusiya danışıqlarının İstanbulda keçirilməsi şübhəsiz ki, Ər-Riyad görüşünün davamı olacaq. Burada müzakirə olunacaq məsələlər ikitərəfli məsələlər olacaq, o cümlədən, Ukrayna ilə bağlı məsələlərin həllinin tapılması öz əksini tapacaq. Əlbəttə ki, Türkiyənin bu rolu çox vacibdir. Nəzərə alsaq ki, Ər-Riyadda danışıqlar gedəndə Türkiyə prezidenti ilə Ukrayna prezidenti Ankarada görüşdülər və Türkiyə özünün prinsipial mövqeyini yenidən təkrar etdi. Yəni Ukraynanın ərazi bütövlüyü çərçivəsində məsələnin ədalətli həllindən yana olduğunu vurğuladı. Nəzərə alsaq ki, Türkiyə və Ukrayna arasında münasibətlər yüksək səviyyədədir və uzun müddətdən bəri davam edən bu münasibətlər gələcəkdə ciddi nəticələrə gətirib çıxara bilər. O baxımdan, düşünürəm ki, İstanbul görüşündə müəyyən irəliləyişlər ola bilər. Çünki ABŞ tərəfi də bu savaşın dayandırılması ilə bağlı bəyanatlar verir və Rusiya tərəfi də əslində savaşın dayandırılmasında maraqlıdır. Amma ciddi nəticələrin əldə olunacağını düşünmürəm. Çünki Rusiya Xarici İşlər Nazirinin dünən açıqladığı bəyanata baxdığımızda, Rusiyanın mövqeyində hansısa dəyişikliyin olmadığını, işğal olunan ərazilərin, o cümlədən, 4 Ukrayna vilayətinin Rusiyaya birləşdirilməsi fikirlərinin dəyişmədiyini görürük. Bunlar isə qəbulolunmaz təkliflərdir. Bu görüşün keçirilməsi isə prosesin irəliyə aparılması üçün xüsusi əhəmiyyət kəsb edir".

 

Politoloq qeyd edib ki, Türkiyənin vasitəçi rolunu Avropa qəbul etmək məcburiyyətindədir. Ən azından, hazırki vəziyyətdə Aİ-nın öz vəziyyəti heç də ürəkaçan deyil. Belə ki, Trampın başlatdığı proses Aİ-nı prosesdən kənar vəziyyətə salıb və Avropa yenidən prosesə daxil olmaq üçün ciddi cəhdlər göstərir. Bu proseslərin Cənubi Qafqaza da təsiri olacağı şübhəsizdir. Nəzərə alsaq ki, Türkiyə artıq vasitəçi, ev sahibi rolunda çıxış edir, bu da Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün əsas faktorlardan biridir.

 

Günel Verdiyeva