ABŞ administrasiyasının Ukraynaya hərbi yardımını dayandırması

Tarix: 22:25 05.03.2025
Bu qərar, xüsusilə Rusiya ilə davam edən münaqişə fonunda, Ukraynanın müdafiə qabiliyyətinə ciddi təsir göstərə bilər. Ağ Ev rəsmiləri bildiriblər ki, prezident Donald Tramp sülhə nail olmaq üçün bu addımı atıb və digər tərəfdaşların da eyni məqsədə sadiq qalmasını vacib hesab edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Natiq Miri qeyd edir ki, Ağ Evin Ukraynaya yardımları dayandırması təzyiq xarakterlidir:
"Tramp administrasiyasının siyasətinə uyğundur. Hədəfləri ən yüksəkdən qoyur, sonra istədiklərinə nail olmaq üçün davamlı təzyiqlər edir. Bu, Trampın siyasətidir və bunu gizlətmir, özü də açıq şəkildə ifadə edir. Tramp, Ukrayna ilə son Vaşinqton görüşündə anlaşa bilmədikləri üçün bunu ABŞ və xalqı üçün təhqir hesab etdi, ən azından bunu ictimaiyyətə bu cür təqdim etdi. Bu da ona yardımları dayandırmaq üçün bəhanə oldu. Tramp ona verilən hesabatlara rəğmən anlayır ki, əgər Ukraynaya hərbi və maliyyə yardımları dayandırılarsa, ölkə bir neçə aya çox çətin vəziyyətə düşə bilər. Bu qərarlar təzyiq xarakterlidir. Bu qərardan sonra Donald Tramp Ukrayna prezidentindən məktub aldığını və sülh masasına oturmağa hazır olduğunu bildirdi. Əvvəl iddialar daha böyük idi – Zelenskidən üzr istəməsi tələb olunurdu. Lakin üzrxahlıq baş vermədi, çünki Zelenski bu istiqamətdə heç bir addım atmadı. İstədikləri alınmadı və Tramp bu məsələni qabartmadı, görməzdən gəldi. Məktubda isə əsas vurğulanan məqam Ukrayna-ABŞ münasibətlərinin davam etməsinə olan arzudur. Buna görə də düşünürəm ki, təzyiq xarakterli bu qərar artıq öz təsirini göstərir.
Gələcəkdə nə olacağını demək hələ tezdir, çünki sülh danışıqlarına razılıq vermək hələ sülh demək deyil. Bu, birtərəfli məsələ deyil. Rusiya hələlik ABŞ-la "oynamağa" davam edir. Rusiya prezidentinin varlığı müharibənin davamiyyətindən keçir. Onlar Ukraynanın 20%-ni deyil, bütövlükdə ölkəni işğal etmək və Rusiya yönümlü bir rejimi hakimiyyətə gətirmək istəyirlər. Son üç ildə Rusiya buna hərbi-siyasi yolla nail ola bilməyib. Rusiya Ukraynaya yardımların dayandırılmasını alqışlayır, çünki istədiyinə hərbi yolla deyil, məhz ABŞ-nin yardımları kəsməsi ilə nail olmağa çalışır.
Trampa qarşı aksiyalar məsələsinə gəldikdə isə, bunu ona müxalif olan demokratlar təşkil edib və bu, tamamilə təbiidir. Çünki müxalifət Trampın bu anlaşılmaz siyasətinin əleyhinədir. Onların vəzifəsi ictimaiyyəti məlumatlandırmaq və etirazları təşkil etməkdir. Lakin bu aksiyaların kütləviləşərək bütün Amerikanı əhatə edəcəyini düşünmürəm. Bu tip etirazların Trampın qərarlarına təsir edəcəyini də gözləmirəm. Tramp yaxın zamanda Konqresdə çıxış etməyi planlaşdırır və bu mövzuya "Amerika arzuları" kontekstində yanaşır. O, ictimai fikri öz tərəfinə çəkməyi və manipulyasiya etməyi bacarır. Amerikanı "genişləndirmək" və "bir cənnətə çevirmək" vədləri də bunun bir hissəsidir. Məsələn, Tramp Qrenlandiyanın, Panamanın, hətta Kanadanın 51-ci ştat ola biləcəyi barədə fikirlər səsləndirib. Buna görə də etirazların Ukraynaya yardımların bərpasına və ya bu qərarın ləğvinə səbəb olacağını qətiyyən gözləmirəm".
Zəhra Məmmədova