Əfv məsələləri komissiyası növbəti iclasını keçirir-Humanizm Aktı

Tarix: 22:31 05.03.2025
Azərbaycan dövləti humanizm prinsiplərinə sadiq qalaraq, məhkumların bağışlanması və cəmiyyətə reinteqrasiyası üçün növbəti əfv prosesinə doğru addımlayır.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "informator.az"a açıqlamasında bildirib ki, əfv məsələləri Azərbaycan Prezidentinin səlahiyyətinə aid olan, humanizm və mərhəmət aktıdır:
"Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının Katibliyinə il boyu məhkumlardan və onların yaxınlarından fərdi müraciətlər daxil olur. Bu müraciətləri katiblik araşdırır. Qanunvericiliyə uyğun olan və tələblərə cavab verən müraciətlər Komissiyanın iclasına hazırlanır. Komissiyanın iclasında hər bir müraciət müzakirə olunur və səsvermə nəticəsində qərarlar qəbul edilir. Müraciətlərin dəyərləndirilməsi zamanı bütün hüquq-mühafizə orqanlarından, məhkumun cəza çəkdiyi müəssisədən və eyni zamanda Daxili İşlər Nazirliyindən rəylər alınır. Məhkumun nə dərəcədə islah olunması, xəstəliyi, mərhəmət və humanizm prinsiplərinə uyğunluğu əsas götürülərək qərar qəbul edilir".
O, müxtəlif kateqoriyalardan olan müraciətlərə baxıldığını vurğulayıb:
"Hətta ömürlük məhbuslardan tutmuş səhlənkarlıq nəticəsində cinayət törətmiş şəxslərə qədər müraciətlər dəyərləndirilir. Xüsusilə narkotik, oğurluq, quldurluq, adam oğurluğu kimi cinayətlərdə Əfv Komissiyasının üzvləri daha soyuqqanlı yanaşırlar. Lakin hər bir müraciət fərdi qaydada nəzərdən keçirilir. Amnistiya parlamentin səlahiyyətindədir və müəyyən maddələrə şamil edilir. Əfv sərəncamı Əfv Komissiyasının müsbət rəy verdiyi müraciətlər əsasında hazırlanır. Bu müraciətlər toplanaraq cənab Prezidentə təqdim edilir. Çox güman ki, bu il də Komissiya işini yekunlaşdırdıqdan sonra sənədləri toplayıb cənab Prezidentə təqdim edəcək. Yəqin ki, yaxın aylarda növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq".
Aydan Quliyeva