Tramp, Ukraynanın istənilən vaxt "resurs sazişi"ni imzalamağa hazır olduğunu deyib

Bölmə: Siyasət › ,
Tarix: 22:44 05.03.2025

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olması ilə bağlı mesaj aldığını deyib.

 

Konqresdə danışan Tramp bildirib ki, Zelenski Ukraynanın istənilən vaxt "resurs sazişi"ni imzalamağa hazır olduğunu qeyd edib.

 

Həqiqətən də Ukrayna ABŞ-ə olan borclarının müqabilində təbii resurslarının ABŞ-yə icazə verəcəkmi?

 

Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a bildirib ki, Ukrayna olmadan Rusiyanın "imperiya" xəyalı mümkün deyil:

 

"ABŞ-nin vasitəçiliyi ilə bu müharibə başa çata bilər. Lakin bu o qədər də asan başa gəlməyəcək.

Bu o demək deyil ki, ABŞ daha güclüdür və hər kəs ABŞ administrasiyasından qorxduğu üçün bunu edir. Sadəcə Rusiyanın indiki vəziyyəti o qədər acınacaqlıdır ki, Rusiya buna məcburdur. Rusiyanın iqtisadiyyatı çöküş vəziyyətindədir. Ona görə də, qısamüddətli də olsa Rusiyanın atəşkəsə ehtiyacı var. Bununla bağlı sülh masası təşkil etmək, danışıqlar aparmaq ehtimalı mövcuddur.

Bununsa nə qədər uzunmüddətli ola biləcəyi məsələsi proqnozlaşdırıla biləcək məsələ deyil. Çünki Rusiya yenidən toparlanarsa, onun hədəfi bütün Ukraynanı ələ keçirmək olacaq. Ukrayna olmadan Rusiyanın "imperiya" xəyalı mümkün deyil.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda da bildirib ki, minerallarla bağlı sazişi imzalamağa hazırdır. Lakin bu mineralları da ABŞ tək istifadə etməyəcək, bu qarşılıqlı olacaq. Bununla bağlı fond yaradılacaq və fondda yığılan pullar Ukraynanın yenidən bərpa olunmasına xərclənəcək.Təbii ki, burda ABŞ öz mənfəətini götürəcək, lakin bu o demək deyil ki, hər şey ABŞ-nin ixtiyarına verilir. Sadəcə Tramp ictimaiyyətdə belə bir görünüm yaratmaq istəyir ki, ABŞ-nin Ukraynaya xərclədiyi bütün pulları geri qaytarıb. Necə olacağını isə gələcəkdə görəcəyik".

 

Fidan Fərhad